Əsas Səhifə > Güney Press > Bazarda 6, marketdə 15 manat…

Bazarda 6, marketdə 15 manat…


Dünən, 14:20

Bu il gilas və vişnə əvvəlki illərlə müqayisədə rekord səviyyədə bahalaşıb. Ötən illərdə kilosu 3-3.50 manatdan yuxarı olmayan meyvə bu mövsüm 6-7 manata təklif olunur. Marketlərdə qiymətlər daha da yüksəkdir. Belə ki, gilas 14-15 manat aralığında satışa çıxarılıb. Vətəndaşlar, xüsusilə mağazalarda belə məhsulların satılmasının bahalaşmaya yol açdığını bildirirlər.

Əsl səbəb nədir? Məhsul azlığı, sahibkarlara qoyulan məhdudiyyətlər, yoxsa süni bahalaşmaya yol açan market siyasəti?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov son vaxtlar gilas bağlarının genişləndiyini vurğulayıb.

Onun sözlərinə görə, sahələrdə kəndlilər, fermerlər daha çox gilas yetişdirirlər:

“Çünki istehsalın bir hissəsi ixrac edilir. Demək olar, bu işlə məşğul olan kəndlilər məhsulun satışı ilə bağlı əziyyət çəkmirlər. Onların əldə etdiyi meyvə böyük həcmdə həm Rusiyaya gedir, həm də daxili bazarda alıcıları olur. Müasir dövrün tələbinə uyğun bağlar salınır, ərazilər genişlənir və ciddi kapital qoyuluşu həyata keçirilir. Bu isə qiymətə təsir edir. Qeyd edim ki, məhsulun keyfiyyətində tam olmasa da, nisbətən yaxşılaşma var. Bəzən fermerlərimiz aqrotexniki qaydalara əməl edə bilmədikləri üçün bəzi sahələrdə məhsulun keyfiyyətində problem müşahidə edilir. Ümumilikdə, məhsul istehsalında artım mövcuddur”.

Mütəxəssis qiymət artımına belə aydınlıq gətirib:

“Son illər paralel olaraq, 50-dən çox aqropark yaradılıb, müasir dövrün tələbinə uyğun soyuducu anbarlar inşa edilib. Bu da kəndlilərdən, fermerlərdən gilas əldə edib müəyyən müddətdən sonra daha yüksək qiymətə bazara çıxarmağa imkan yaradır. Aparılan araşdırmalar göstərdi ki, hətta Rusiyada azərbaycanlıların ixrac etdiyi məhsul daha ucuz qiymətə satılır, nəinki, Bakı bazarında belədir. Məsələn, keyfiyyəti daha yaxşı olan məhsul Azərbaycan bazarında 12-13 manata təklif edildiyi halda, Rusiyada 8 manata satılır. Pomidorla bağlı məsələ də bu cürdür”.

Vahid Məhərrəmov bildirib ki, soyuducusu olan sahibkarlar gilası bazara çıxaran zaman onun bir hissəsini anbarda saxlayır:

“Bundan sonra bir hissəsini ixrac edir, qalanını daxili bazara çıxarırlar. Məhsul xaricə getməsə, daxili bazara yönəlsə, yaxud bir hissəsi anbarda qalmasa, bazara çıxarılsa təklif artacaq. Bu halda qiymət sürətlə bahalaşmır. Monopolistlər, xüsusən kəndlilərin yığımının başa çatmasını gözləyirlər. Bir müddət sonra əllərində olan meyvəni 50, hətta 100 faiz artıq qiymətə satmağa başlayırlar. Artıq soyuducu anbarların sayı da çoxalıb və işbazlar yaranmış vəziyyətdən sui-istifadə edərək fəaliyyətə keçiblər. Əziyyət çəkmədən kəndlidən gilası çox ucuz qiymətə alırlar. Fermerlər bilirlər ki, gilası qısa müddətdə sata bilməsələr, hamısı xarab olacaq, məcburiyyət qarşısında ucuz qiymətə satırlar. Məhsulun alış-satışı ilə məşğul olanlar bir il öncədən sifarişlərini verirlər. Marketlərə meyvə təklif edənlər də məhz monopolistlərdir. Azərbaycanda nə vaxtsa gilasın əlçatan qiymətə olacağı real deyil. Bundan sonra məhsul çox istehsal olunsa belə, qiymət ucuzlaşmayacaq. Qiymətlər fermer və kəndlidən asılı deyil. Bunu birbaşa monopolistlər diqtə edirlər”.

İqtisadçı Altay İsmayılov bildirib ki, gilas və vişnənin qiymətinin baha olmasının əsas səbəblərindən biri iqlimlə bağlıdır:

“Bu il hava şəraiti gilas və vişnəyə xüsusi təsir edib. Xüsusilə aprel ayında çoxlu yağışların yağması, soyuqlar məhsuldarlığa zərər verdi. Həmin dönəmdə bir sıra xəstəliklər ortaya çıxdı. Məhsul azalanda qiymət də daha yüksək olur. İkinci səbəb xarici bazardır. Özəlliklə Rusiyaya satılan məhsul istehsalçıya daha sərfəlidir. Çünki bu meyvələr daha çox şimal zonamızda yetişir. Bakı ilə müqayisədə məhsulun bu ölkəyə satılması rahat və uyğun qiymətə başa gəlir. Nəticədə daxili bazarda məhsul azalır və qiymət baha olur”.

İqtisadçının sözlərinə görə, eyni məhsul bazarlarda və ya müxtəlif satış nöqtələrində fərqli qiymətlərlə təklif edilə bilər:

“Bu, müəyyən müştəri kontingentinə uyğunlaşdırılır. Ona görə də qiymət dəqiqləşdirilməsinin real rasional iqtisadi səbəbləri yoxdur. Marketlərdə bazar qiyməti ilə müqayisədə iki dəfəyə qədər artıq fərq var. Çünki bəzi vətəndaşlar məhsulu bazardan deyil, marketdən alır. Nəticədə bu, digər bazarlara təsir edir”.


Geri qayıt