Əsas Səhifə > Güney Press > Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbDünən, 17:16 |
Sosial şəbəkədə qumar oyunları təşkil etməkdə və kibercinayətkarlıqda təqsirləndirilən dəstə üzvləri Elmidar İsmayılzadə, İntiqam Rüstəmov, Şamil Məhərrəmli, Zamiq Məhərrəmli, Cavid Əsədov, Elvin İsmayılzadə, Elmin Quliyev, Nemət Qurbanov, Elnur Nağıyev və Eldəniz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərə ittiham aktı verilmədiyi üçün məhkəmənin hazırlıq iclası iyulun 18-nə təxirə salınıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyatlarda saxlanılıblar. Məlumata görə, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Məlumatda qeyd olunub ki, əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 milyon manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20 milyon manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılıb və 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Geri qayıt |