Əsas Səhifə > Güney Press > “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?”
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?”Dünən, 18:02 |
Bu gündən etibarən Məhərrəm ayı başlayıb. Hicri təqvimin ilk ayı olan Məhərrəm müsəlman dünyasında kədər və təfəkkür dönəmi kimi qəbul olunur. Xüsusilə Aşura günü – İmam Hüseynin şəhid olduğu tarix – milyonlarla insan üçün xüsusi önəm daşıyır. Lakin bu ayla bağlı formalaşmış bir çox adət və yasaqlar cəmiyyətin müxtəlif təbəqələrində fərqli qarşılanır. Maraqlıdır, İslam dinində doğrudanmı bu ayda toy etmək, gülmək və ya şənlənmək qadağandır? Yenisabah.az da bu sualların cavabını tapmaq üçün ilahiyyatçı Elşad Miri ilə əlaqə saxlayıb. İlahiyyatçının sözlərinə görə, İslamda matəm ayı və ya matəm günü anlayışları yoxdur: “İslamda matəm ayı və matəm günləri anlayışı yoxdur. Burada haram və halal söhbətləri yoxdur. Bir insanın kəndində və ya yaxınlarından kimsə dünyasını dəyişibsə, gedib həmin insandan halallıq alınır. Həmin günlərin şadlığını da başqa günə keçirirlər. Bu da insanların biri-birlərinə olan sayğısından irəli gəlir. Digər tərəfdən də, bunu etmək istəyən insanlar varsa, onlara da heç bir halda, heç nə deyə bilmərik. Bunun da islama heç bir aiddiyatı yoxdur. İslam Qurandan ibarətdir. Quranda olmayan bir şeyi də islamlaşdırıb təqdim etmək düzgün deyil”. Elşad Miri qeyd edib ki, Məhərrəmlik ayının ilin heç bir aylarından və günlərindən fərqi yoxdur: “Bu ayda hətta yemək də yemək olar... Hansısa ayda saç kəsdirmək nəyə görə günah sayılmalıdır? Bu gün biz İslamı elə bir hala gətirmişik ki, onu yalnıza, Azərbaycana, İrana və İraqa aid etmişik. Avstraliyada və ya Amerikadakı bir müsəlman nə etsin bəs? Məhərrəmlik ayının ilin heç bir aylarından və günlərindən fərqi yoxdur”. Onun sözlərinə görə, Quranın tarixi və müsəlmanların tarixi arasındakı fərqi ayırd etmək lazımdır: “Ad gününüz olan gün sizin üçün necə ki, dəyərli sayılır. Başqasının da doğum günü və ya valideyninin vəfat günü onunçün önəm daşıyır. Həmin şəxs də çalışır ki, o gün üçün hır hansı bir şadlıq məclisi etməsin. Bu da insana görə dəyişən bir şeydir. Bunun da islama nə də qurana heç bir aidiyyatı yoxdur. Bir var Quranın tarixi, bir də var müsəlmanların tarixi. Bu ikisi arasındakı fərqi ayırd etmək lazımdır”. Geri qayıt |