Əsas Səhifə > Güney Press / Ana xəbər > Ordun varsa... YURDUN VAR!

Ordun varsa... YURDUN VAR!


Bu gün, 09:31

"1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu, əslində müsəlman Şərqində ilk demokratik hökumətin ordusunu yaratmaqla bağlı verdiyi qərar idi. Bundan sonra silahlı qüvvələrin formalaşdırılması prosesi başladı. İlkin olaraq, 25000 nəfər heyətlə qurulan ordunun, 1920-ci ildə sayının 40 000 olması planlaşdırılırdı".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, bolşevik Rusiyasının işğalı Azərbaycanın planlarının qarşısını aldı:

"Ancaq həmin dövrdə də azərbaycanlı gənclər var idi ki, SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil alırdılar. Bununla belə, Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldikdə olduqca möhtəşəm addım ataraq Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi məktəbin yaradılmasına qərar verdi. Gənclərimiz bundan sonrakı dövrdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbidə, Ali Hərbi Dənizçilik və SSRİ-nin başqa məktəblərində güzəştli şərtlər altında təhsil almağa başladılar. Müstəqillik əldə etdikdən sonra nizami olmasa da, ordu formalaşdırmağa cəhdlər olmuşdu. Həmin vaxt Azərbaycan işğal faktı ilə üz-üzə idi. Bununla belə könüllü batalyonlar yaradılmışdı. Həmin sıralardan xeyli qəhrəman oğullarımız şəhid oldu. Lakin təəssüflər olsun ki, nizami ordunun olmaması birinci Qarabağ savaşında uğursuzluqlara gətirib çıxardı".

A.Əlizadə əlavə edib ki, Heydər Əliyevin ikinci dəfə hakimyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı:

"1993-cü ilin sonlarından ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Milli kadrların yaradılması, bu sahədə təhsilin verilməsi və s. məsələlər əsas istiqamətlərdən biri idi. Son dövrlər Azərbaycan Silahlı Qüvvələri tam yetkin orduya çevrilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu özünün performansı, texnoloji bilikləri ilə möhtəşəm qələbə qazandı. Bir gün ərzində düşmənin 30 illik sədləri keçildi, az müddətə torpaqlarımız işğaldan azad olundu. Şəhidlər verdik, qazilərimiz oldu, yekunda qələbə qazana bildik. Uşaqdan böyüyüyə hər kəs orduya dəstək nümayiş etdirdi, könüllü silahlı qüvvələr sıralarına yazılmaq istəyənlərin sayı xeyli artmışdı".

Parlamentari vurğuladı ki, Azərbaycan 5-ci nəsil silahlardan istifadə etməklə adını dünya hərb tarixinə yazırdı:

"Biz bu gün fəxrlə deyə bilərik ki, ordumuzun müharibədə etdikləri dünya ölkələrinin hərb dərslikləriinə daxil edilir. Azərbaycan Ordusu bölgənin ən güclüsüdür. Ölkəmizin Xüsusi Təyinatlı Qüvvələri və digər xüsusi təyinatlı qrupları dünya ordu sıralarında özünəməxsus yer tutmaqdadır. Azərbaycan Silahlı Qüvvələri regiondakı reallıqları dəyişdi. Ordumuz ölkəmizin dünyada söz sahibinə çevrilməsinə müstəsna rol oynayıb. Fürsətdən istifadə edib Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş komandan İlham Əliyevin timsalında bütün zabit və əsgər heyətini ürəkdən təbrik edirəm. Əminəm ki, qarşıdakı illərdə də Azərbaycan Ordusu dünyanın aparıcı orduları arasında yer tutacaq".


Geri qayıt