Əsas Səhifə > Güney Press / Ana xəbər > AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlarBu gün, 09:13 |
İctimaiyyətin gündəmində olan əsas mövzulardan biri Naxçıvan Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsidir. Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr ciddi fikir ayrılıqları ilə müşayiət olunub. Deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında Naxçıvanın “məmurlar ölkəsi”nə çevrildiyini vurğulayaraq, onun muxtar statusunun saxlanmasının zəruriliyini yenidən dəyərləndirməyi təklif edib. Bu çıxışa sərt reaksiya verən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə muxtariyyətin ləğvinin müzakirə mövzusu olmadığını bildirib və bu statusun geosiyasi əhəmiyyətinə diqqət çəkib. Müzakirələr fonunda belə fikir də səsləndirilir ki, AXC iqtidarı dövründə (1992-93-cü illər) Naxçıvanın muxtar statusunun ləğv edilməsinə cəhdlər olub. Globalinfo.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, Milli Məclisdə deputat Qüdrət Həsənquliyevin məsələ ilə bağlı səsləndirdiyi fikirlər kifayət qədər maraqlı və diqqətəlayiq olub: “Digər deputatların səsləndirdiyi kimi, əsassız arqumentlərlə bu məsələni kənara qoymaq olmaz. Hazırda dünyada baş verən hadisələr fonunda Naxçıvan Muxtar Respublikasının muxtariyyət məsələsini həyati əhəmiyyətli hesab etmirəm. 1992-93-cü illərdə Elçibəy iqtidarı dövründə də bu məsələ müzakirə olunmuşdu, müvafiq konstitusiya dəyişiklikləri layihələri hazırlanaraq təqdim edilmişdi. Ümumiyyətlə, Qüdrət Həsənquliyevin də qeyd etdiyi kimi, bu məsələ heç vaxt tam şəkildə gündəmdən çıxmayıb”. Pənah Hüseynin sözlərinə görə, Azərbaycanın unitar dövlət quruluşu ilə Naxçıvan Muxtar Respublikası arasında müəyyən konstitusion ziddiyyətlərin olması barədə Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlər əsaslıdır: “Ziyafət Əsgərovun bu fikirlərin əleyhinə irəli sürdüyü arqumentlər isə daha çox siyasi məzmun daşıyır və hüquqi baxımdan kifayət qədər əsaslı deyil. Təsadüfi deyil ki, onun dedikləri daha çox ideoloji-təbliğat xarakterli arqumentlərə söykənirdi. 1993-cü ildə prezidentin səlahiyyətli nümayəndəsi institutu yaradılmışdı. Bu gün Naxçıvanın idarə olunmasında da mərkəzi hakimiyyətlə münasibətlərin tənzimlənməsi məsələsi yenidən gündəmə gətirilib”. AXP sədri hesab edir ki, ilk növbədə Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməli, daha sonra bu dəyişikliklər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında əksini tapmalıdır: “Hazırda regionun yenidən şəkilləndirilməsi prosesi gedir. Sərhədlərin necə və hansı çərçivədə saxlanılıb-saxlanılmayacağı sual altındadır. Dövlətlər bu məsələdə zaman-zaman maraqsız olduqlarını nümayiş etdiriblər. Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı və onun daha təşəkkül tapmış münasibətlər sistemi baxımından Naxçıvan muxtariyyəti maraqlı bir modeldir və bu ayrıca öyrənilməlidir”. Geri qayıt |