Əsas Səhifə > Güney Press > ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi

ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi


Dünən, 17:41

ABŞ-ın “xəyalət” təyyarələri hesab edilən B-2 bombardmançıları tərəfindən İranın Fordo nüvə mərkəzinə endirilmiş zərbə gözlənilən nəticəni verməyib.

Musavat.com-un xəbərinə görə, bu barədə “The New York Times” qəzetinə açıqlama verən ABŞ hökumətindəki yüksək vəzifəli bir şəxs bildirib ki, hücum nəticəsində obyekt tamamilə məhv edilməyib, lakin ciddi struktur ziyanı qeydə alınıb.

ABŞ rəsmisinin sözlərinə görə, Fordo obyektinə qarşı həyata keçirilmiş bu əməliyyatın məqsədi yerin dərinliyində yerləşən və möhkəmləndirilmiş nüvə qurğusunu sıradan çıxarmaq olub. Lakin bunker tipli qurğulara qarşı nəzərdə tutulmuş xüsusi MOP tipli bombaların tətbiqinə baxmayaraq, obyektin əsas nüvəsi və infrastruktur əsas hissəsi bütövlüyünü qoruya bilib.

Hücum iyunun 21-dən 22-nə keçən gecə saat 02:30 radələrində həyata keçirilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Missuri ştatından havaya qalxan bir neçə ədəd B-2 bombardmançısı tərəfindən Fordo istiqamətinə yönəldilmiş hücum çərçivəsində təxminən 12–14 ədəd yüksək nüfuzedici bomba yerin 70 metrdən artıq dərinliyinə nüfuz edərək obyektə endirilib. Eyni gecə ABŞ-ın hərbi dəniz qüvvələrinə məxsus sualtı qayıqlardan İranın Natanz və İsfahan şəhərlərində yerləşən digər nüvə obyektlərinə də onlarla qanadlı raket atılıb. Bu zərbələrin bir hissəsi də obyektlərin ətrafını və giriş sistemlərini hədəfə alıb. İranın Atom Enerjisi Təşkilatının verdiyi ilkin açıqlamada Fordo obyektində ciddi radiasiya sızmasının qeydə alınmadığı, lakin infrastrukturun bəzi seqmentlərinin sıradan çıxdığı təsdiqlənib. İran parlamentinin üzvü Morteza Heydəri bildirib ki, obyektin fəaliyyət qabiliyyəti böyük ölçüdə dayandırılıb.

ABŞ rəsmisinin “The New York Times”a verdiyi açıqlamada isə qeyd edilir ki, Fordonun möhkəmləndirilmiş yeraltı konstruksiyası gözləniləndən daha dayanıqlı çıxıb və obyektin tam dağıdılması mümkün olmayıb. Bu etiraf göstərir ki, ABŞ-ın regionda həyata keçirdiyi bu tip hücumların hərbi baxımdan nəticələri birmənalı şəkildə uğurlu deyil. Hadisədən sonra İsrailin və ABŞ-ın hərbi analitikləri əməliyyatı strateji xəbərdarlıq və nüvə imkanlarının məhdudlaşdırılması cəhdi kimi qiymətləndiriblər. Lakin hücumun Fordo obyektini tamamilə sıradan çıxarmaması İranın cavab addımlarını da aktuallaşdıra bilər.

Fordo İranın ən strateji nüvə mərkəzlərindən biridir və Qum şəhəri yaxınlığında yerləşən bu obyekt yerin 90 metr dərinliyində, dağın içində inşa olunub. Obrazlı şəkildə “nüvə qalası” adlandırılan Fordo kompleksinə qarşı ABŞ-ın ən güclü silahlarından biri – bunker tipli bombaları daşıya bilən B-2 təyyarələrindən istifadə olunması bu əməliyyata verilən əhəmiyyətin göstəricisidir. Hərbi dairələrdə bu hücumun eyni zamanda İranın uran zənginləşdirmə proqramını yubatmaq, habelə Tehrana siyasi və psixoloji təzyiq göstərmək məqsədi daşıdığı vurğulanır. Rusiya və Çin rəsmiləri isə hücumu sərt tənqid edərək onun beynəlxalq hüququ pozduğunu bəyan ediblər.


Geri qayıt