Əsas Səhifə > Güney Press > Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə...

Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə...


Dünən, 15:45

Bəzən deyirlər ki, bir milləti məhv etmək üçün həmin millətin dilini məhv etmək lazımdır. Əslində bir milləti məhv edə bilmək üçün həmin millətin uşaq və gənclərinin beynini, düşüncələrini ələ almaq lazımdır ki, bunu Azərbaycanı sevməyən qüvvələr çox mükəmməl şəkildə həyata keçirir. Burada təsir edici qüvvələrin ən böyük silahı dindir. Din pərdəsi arxasında gizlənərək, dindən istifadə edərək, nəinki gəncliyi hətta bütün bir cəmiyyəti yönləndirmək və onlardan çirkin məqsədlərin reallaşması üçün istifadə etmək olar.

Bu günlərdə İsrail-İran müharibəsi fonunda Azərbaycan gənclərinin sosial şəbəkələrdə müzakirələrinin şahidi oldum. Durum çox acınacaqlı idi. Sanki gənclərimizin düşüncələrini qəlibləşdiriblər. Hətta bilmədikləri mövzularda düzgün olmayan fikirlər bildirir, tərəf saxlayır və öz şərhlərinin daha düzgün olduğunu təlqin etməyə çalışır, bir-birini təhqir edir və bu mövzu üzərindən hətta fiziki mübarizə aparmaq üçün bir-birini görüşə çağırırlar. Qısası, bu mövzuda ciddi bir aqressiya müşahidə edilir. Sanki kimsə bilərəkdən bu mövzunu ağır və acı, düzgün olmayan bir şəkildə gənclərin beyninə yerləşdirib. Bu düşüncələrə görə, gəncləri günahlandırmaq, cəzalandırmaq olmaz. Çünki bu da gəncliyin məhvinə və ya aqressivləşməsinə səbəb ola bilər. Yəni bu siyasəti həyata keçirən qüvvələr yenə də öz istəklərinə çatmış olarlar.

Düzdür, bu mövzuda dövlət qurumları, xüsusilə Dövlət Təhlükəszilik xidməti xüsusi həssaslıqla çalışır, amma müşahidə etdiyimiz reallıq həqiqətən acınacaqlıdır.

Biz gəncliyi hansısa bir şəkildə bu düşüncələrdən və bu qüvvələrin təsirindən qurtarmalıyıq. Bəs necə? Bu məsələ o qədər həssasdır ki, bu mövzuda hansısa gəncə irad bildirəndə sənin özünü günahlandırır və aqressiya nümayiş etdirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, əslində bu gün dünyada gedən proseslər gənclərin əsas hədəf kütləsinə çevrildiyini göstərir və onları doğru yoldan çıxarmaq istəyən qüvvələrin niyyətini ortaya çıxarır.

“Mən bəzən gənclərin vəziyyətini bazarda olarkən hamının öz məhsulunu təqdim etdiyi bir kateqoriyaya bənzədirəm. Çünki bu gün güclü bir formada gənclərimizi doğru yoldan çıxartmaq üçün cəhdlər edilir və addımlar atılır. Və sizin də qeyd etdiyiniz kimi, biz bunun nümunələrini sosial mediada aparılan təbliğatlarda açıq-aydın görürük. Xüsusilə, son günlər İsrail-İran arasında baş verən qarşıdurmada yazılan şərhlər, bildirilən mövqelər vəziyyətin nə qədər mürəkkəb və ağır olduğunu göstərir. Bununla yanaşı, bizim bu məsələyə nə qədər həssas yanaşmağımızın vacib olduğunu göstərir.

Bu gün nə qədər acınacaqlı olsa da, gənclərin bir qismi zərərli dini ideologiyaların təsirindədir, bir qismi Qərbdən gələn zərərli təsirlərə məruz qalıb və bir qismi də çox ciddi boşluq yaşayır. Bu səbəbdən də, bu boşluğu biz indidən ciddi şəkildə doldurmağa çalışmalıyıq. Gənclərlə fəal iş aparmalı, ideoloji işi gücləndirməliyik”-deyən Ceyhun Məmmədov hesab edir ki, burada həm dövlət qurumlarının üzərinə məsuliyyət düşür, həm qeyri-hökumət təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Deputatın fikrincə, bu səbəbdən də gənclərlə çox diqqətli işləmək lazımdır.

Ceyhun Məmmədov qeyd edib ki, burada ziyalılarımızın və alimlərimizin də üzərinə məsuliyyət düşür.

Eyni zamand valideynlərimizin üzərinə çox böyük məsuliyyət düşür: “ Yəni biz gəncliyin düzgün istiqamətdə tərbiyəsi, düzgün istiqamətə yönəlməsi üçün səy göstərməli və davamlı addımlar atmalıyıq. Əgər bunu etməsək, bizi qarşıda çox çətin günlər gözləyir. Yəni ideoloji iş, ideoloji fəaliyyət, ideoloji addımlar çox mühüm və önəmli məsələlərdir və biz bu məsələdə gecikməmək üçün bağlı səylər göstərməli və davamlı addımlar atmalıyıq. Əks halda, biz gənclərimizi itirəcəyik. Necə ki, bunu bəzi müsəlman ölkələri bu gün yaşayır. Bunu yaşamamaq üçün çox çalışmalıyıq. Çox ciddi bir formada kompleks şəkildə gənclərlə iş qurulmalıdır. Gənclərlə fəal iş aparılmalıdır ki, bu məsələləri həll edə bilək. Bu məsələlərdə gecikdiyimiz təqdirdə, çətin olacaq və buna görə də hər birimiz məsuliyyət daşıyırıq. Media da bu məsələlərdə fəal olmalıdır. Hər kəs çalışmalıdır ki, hər şey qaydasında və normal bir formada getsin”-deyə Ceyhun Məmmədov vurğulayıb.


Geri qayıt