Əsas Səhifə > Güney Press > “Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq”

“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq”


Bu gün, 12:41

“Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başladı və bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir”.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanla görüşdən bir gün əvvəl Prezident İlham Əliyevi ölkəsinə dəvət edərək, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışında birgə iştirak edib:

“Fikrimcə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi tarix kimi seçilməyib. Ərdoğan əvvəlcə İlham Əliyevlə görüşməklə azərbaycanlı həmkarını arxayın etmək istəyib ki, bir gün sonra Paşinyanla görüşməsinə baxmayaraq, Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmayacaq. Yəni Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin.

Ərdoğanın açıqlamalarından hiss olunur ki, Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istəyir. Çünki bölgədə hadisələr sürətlə inkişaf edir və nə qədər ki Rusiya və İranın başları müharibələrə qarışıb, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli, o cümlədən Zəngəzur dəhlizinin açılması ümumi işin xeyrinə olardı. Yəqin Ərdoğan bu fikri də Paşinyanın diqqətinə çatdıracaq.

Digər yandan, Paşinyan daxili siyasətdə ona qarşı olan qüvvələrin birləşməsi ilə üzləşib. Baş naziri çətin aylar gözləyir və belə bir ərəfədə Azərbaycan və Türkiyə ilə açıq qalan məsələlərin həlli onun xeyrinə olardı”.

Elxan Şahinoğlu hesab edir ki, Türkiyə diplomatlarının Ankarada üçtərəfli görüşün keçirilməsi barədə planları olub:

“Bu dəfə alınmayıb. Ancaq Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsi istisna deyil. Sülh sazişi imzalanarsa, gələcəkdə başqa üçtərəfli formatlar kimi Türkiyə-Azərbaycan-Ermənistan formatının təsisi də uzaq perspektiv deyil. Niyə də olmasın?

Uzun illər Azərbaycan və Ermənistan liderləri ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Bunların heç birinin müsbət nəticəsi olmayıb. Azərbaycan və Türkiyənin də marağındadır ki, Ermənistan Cənubi Qafqazda fərqli maraqları olan güclərin orbitindən uzaqlaşsın. Bunun üçün isə Ermənistan iqtisadi əlaqələr və regional layihələr vasitəsilə Türkiyə və Azərbaycanın təsiri altına düşməlidir”.


Geri qayıt