Əsas Səhifə > Güney Press > Nifaq salmaq istəyən nökərlərə qardaşlıq

Nifaq salmaq istəyən nökərlərə qardaşlıq


Bu gün, 13:02

"Türkiyə və Azərbaycan bir millətin övladları olaraq, eyni soyun, kökün və eyni dinin daşıyıcısı olan iki ayrı dövlətdir. Bu səbəbdən də, iki müstəqil dövlət kimi onların müəyyən məsələlərdə fərqli baxışa malik olmaları tamamilə təbiidir".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında türkiyəli hərbi ekspert Yücel Karauz bildirib.

Onun sözlərinə görə, bu fərqliliklər coğrafi mövqe, ölkələrin özünəməxsus daxili və xarici strukturları, tarixi və siyasi balanslardan qaynaqlana bilər:

"Lakin bu, onların “qardaş dövlət” kimliyinə zidd deyil. Əksinə, Şuşa Bəyannaməsi ilə bu qardaşlıq zirvəyə çatdırılıb. Bəzi kritik mövzularla və ya bəzi hadisələrlə bağlı fərqli düşünmək bu birliyə maneə deyil.Təəssüf ki, bu gün Türkiyə mediasında Azərbaycana qarşı iki fərqli siyasi təzyiq formasına şahid oluruq.

Birincisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və ya Azərbaycana hücumlar əxlaqi və insani dəyərlərdən uzaqdır. Bu, məqsədli şəkildə müəyyən mərkəzlər və xarici dairələrin alətinə çevrilmiş şəxslər tərəfindən həyata keçirilir.

Əsla qəbuloluna bilməz. Çünki cənab Prezident İlham Əliyev türk dünyasının son zəfəri sayılan Qarabağda qazanılan Böyük Qələbənin memarı, Türk Dövlətləri Təşkilatının formalaşmasında böyük rol oynamış, hakimiyyətə gəldiyi ilk gündən bəri Türkiyə-Azərbaycan qardaşlığını gücləndirmək üçün dayanmadan çalışan siyasi liderdir. Bu hücumların əslində xarici ölkələrin maraqlarını müdafiə edən dairələrin planı olduğu açıqdır".

Ekspert heab edir k, Fələstin-İsrail müharibəsi və onun ardınca İran-İsrail arasında son altı gündür davam edən silahlı qarşıdurda böyük bir dezinformasiya, qarayaxma kampaniyası aparılır:

"İran-İsrail müharibəsi başlayanda Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, onun ərazisi və hava məkanı İrana qarşı istifadə olunmayacaq. Bu, Azərbaycanın mövqeyinin aydın göstəricisidir. Fələstin-İsrail münaqişəsinə gəldikdə isə Azərbaycanın bu məsələyə hüquqi və humanitar baxış bucağı Türkiyənin mövqeyindən fərqlənmir.

Ancaq Azərbaycan İsraillə olan siyasi, hərbi və iqtisadi əlaqələrini də davam etdirmək məcburiyyətindədir. Türkiyədə bu məsələni dini və mühafizəkar baxışla dəyərləndirən bəzi qruplar, məsələyə yetərincə dərindən yanaşmadan, Azərbaycan dövlətinə qarşı haqsız ittihamlar irəli sürür. Bu isə təəssüf və təəccüb hissi doğurur.

Bu iki cəbhədən aparılan hücumlar, Türkiyə və Azərbaycan arasında narazılıq yaratmaq istəyən müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə həyata keçirilir. Zaman-zaman bu məsələlərlə bağlı Türkiyə və Azərbaycan mediasında narahatlıqlar ifadə olunur.

Lakin Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə məsələsi müzakirə mövzusu olduqda, hər kəs danışmazdan əvvəl bir neçə dəfə düşünməli, dediyi sözün hansı nəticələr doğuracağını anlamalıdır. Ona görə də Azərbaycanın xarici siyasətdə fərqli mövqe tutmasına qarşı aparılan məqsədli təbliğatlar, dezinformasiyalar və bu yolla Azərbaycan-Türkiyə birliyinə xələl gətirmək cəhdləri əsla qəbul edilə bilməz.

Türkiyə və Azərbaycan qardaşlığı bu gün də var və əbədi olaraq davam edəcəkdir. Bu qardaşlığın arasına Ermənistanla, İranla və ya İsraillə olan münasibətlər bəhanə edilərək nifaq toxumu səpilə bilməz, heç kəsə də buna imkan verilməməlidir.

Xüsusilə sosial şəbəkələrdə klaviatura arxasına keçən hər kəs Çanaqqala, Qafqaz İslam Ordusu, Balkan savaşları, zəlzələ, çətin və yaxşı günlərdə bir-birinin yanında olan Türkiyə-Azərbaycan qardaşlığına dəstək göstərmək üçün çalışmalıdır. Fitnə-fəsad yaymaq isə tarix qarşısında bağışlanmaz böyük bir səhv olar".


Geri qayıt