Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ?

Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ?


Dünən, 17:00

Son günlər Türkiyənin bəzi media qurumlarında Azərbaycanla bağlı yayılan qərəzli və dezinformasiya xarakterli materiallar ictimaiyyətdə haqlı narahatlıq doğurur.

Halbuki Azərbaycan İsrail-İran qarşıdurmasında neytral mövqe tutur və bu münaqişədə heç bir şəkildə tərəf deyil. Belə bir vaxtda Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq cəhdləri xüsusilə diqqətçəkicidir.

Türkiyə mediasında Azərbaycanla bağlı yayılan dezinformasiyalar nə ilə izah oluna bilər və bu proseslər daha çox hansı dairələrin maraqlarına xidmət edir?

Mövzu ilə bağlı türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hazırda Türkiyədə İsrailə qarşı təbliğat aparılır. Yəni, bu mövzu davamlı olaraq gündəmdə saxlanılır:

"İsrail Qəzzada beynəlxalq hüququn heç bir qaydasına əməl etmir. Amma bu məsələdə Türkiyə əslində heç nə etmir. Azərbaycanın siyasətinə gəlincə, Qarabağ müharibəsində İsrailin və Türkiyənin Azərbaycana dəstəyi məlumdur. Azərbaycan-İsrail tərəfdaşlığı yeni deyil".

O bildirib ki, hazırda İsrail - İran toqquşmaları fonunda Azərbaycan tərəf deyil, xüsusilə də İrana qarşı heç bir mövqe sərgiləmir:

"Türkiyədə isə insanlar təbliğatdan təsirlənirlər. Bu təbliğatdan siyasi analitklər də təsirlənirlər və bəzən sözlərinin hara aparıb çıxaracağını hesablaya bilmirlər. Nəticədə bu, Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura bilər".

Ekspert bu məsələdə atılmalı olan addımlardan danışıb:

"Əgər Türkiyə İsrailə qarşı hansısa real addımlar atacaqsa, bunu insanların düşüncələrini yönləndirmədən, sakit və ölçülü şəkildə etməlidir. Yəni, hökumətin bir siyasəti ola və onu tətbiq edə bilər. Əgər Türkiyə İsrailə qarşı nə etmək lazımdırsa, onu etsə, artıq bütün müxalif kəsimlər də bunu dəstəkləyər.

Hazırda Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasını istəyəcək bəzi qüvvələr var. Azərbaycanın münasibəti fərqli istiqamətdə, Türkiyənin münasibəti isə başqa bir müstəvidə ola bilər. Bunu ayırmaq və düzgün qiymətləndirmək lazımdır. Məsələn, Türkiyənin çox yaxın müttəfiqlərinin Yunanıstanla, Ermənistanla çox yaxşı əlaqələri mövcuddur.

Buna görə də məsələyə bu prizmadan baxmaq lazımdır. Azərbaycan müstəqil dövlətdir, öz xarici siyasəti var və belə də olmalıdır.

Bu məsələyə soyuqqanlı və rasional yanaşmaq vacibdir. Eyni zamanda, bu mövzularda yazan şəxslərə də ciddi şəkildə xəbərdarlıq edilməlidir."


Geri qayıt