Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əfv siyahısında çox vacibli adamların adları var”

“Əfv siyahısında çox vacibli adamların adları var”


8-05-2014, 16:38
“Əfv siyahısında çox vacibli adamların adları var”
Hər il may ayında əfv fərmanı əsasən Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin doğum gününə təsadüf edir. Yayılan məlumatlara görə, əfv 28 May - Respublika Günündə də verilə bilər.

Əfv Komissiyasının üzvü Azay Quliyev bu tarixin hələ rəsmi formada təsdiqlənmədiyini və vaxtın məlum olmadığını bildirir.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə bu fərmanın nə zaman imzalanacağının önəmsiz olduğunu düşünür. O, Hafta.az-a verdiyi açıqlamada əfv siyahısına salınmış adlardan danışıb:

“Fikrimcə, mayın 9-10, 28-i olmağının fərqi yoxdur, sadəcə, imzalanmağı çox gözəl bir addım olar. Cəmiyyət bunu çoxdan gözləyir. Əfv siyahısında cəmiyyət üçün çox vacibli adamların adları var. Həmin adamların azadlığa çıxması insanlar üçün müsbət hal olardı. Hazırda müxtəlif fikirlər var - istər əfv, istər amnistiya ola bilər. Təbii ki, amnistiya olmağı üçün müəyyən bir vaxt lazımdır, bu 10-15 gün çəkə bilər”.

Hüquq müdafiəçisi əfv olunacaq şəxslərlə bağlı heç bir ehtimalı olmadığını da açıqlayıb:

“Biz çox istərdik ki, əfv və ya amnistiyaya düşəcəklər arasında siyasi məhbus kateqoriyasına aid olan jurnalistlər, İlqar Məmmədov, Tofiq Yaqublu, Əli İnsanov, “N!DA”çıların da adları olsun. Amma hələ ki, heç bir şey demək olmaz”.

Digər hüquq müdafiəçisi Səidə Qocamanlı isə bu ay əfvin imzalanacağından daha çox əmindir:

“Əgər Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi qəbul edirsə, əfv fərmanı olmalıdır. Avropa Şurasının iyun sessiyasında Azərbaycanın adının bu cür hallanmaması üçün əfv fərmanının imzalanması qaçılmazdır”.

Geri qayıt