Əsas Səhifə > Güney Press > "Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"

"Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"


Dünən, 13:04

"İranın cümə günündən bəri azı 21 nəfərin ölümünə, yüzlərlə insanın xəsarət almasına gətirib çıxaran, yaşayış məntəqələrinə tuşlanan raket zərbələrinə cavabən Tehranın da sakinləri əzab çəkəcəklər".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats yerli mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ölkəsinin mülki əhalisinin hədəfə alınmasında, həyatını itirməsində "Tehranın təkəbbürlü diktatoru (ali dini lider Əli Xamenei - red.) günahkardır".
"Yaşayış məntəqələrinə qarşı raket hücumları İsrail Ordusunu hərbi əməliyyatlardan çəkindirmək məqsədi daşıyır. Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər", - nazir söyləyib.
Katsın bu ifadə ilə İsrail Hərbi Hava Qüvvələrinin Tehrandakı yaşayış məntəqələrinə aviazərbələr endirməyə başlayacağını nəzərdə tutması istisna deyil.
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
AzVision.az

Geri qayıt