Əsas Səhifə > Güney Press / Ana xəbər > 19 saylı poliklinikada bir möhürə görə 400 manat rüşvət

19 saylı poliklinikada bir möhürə görə 400 manat rüşvət


8-05-2014, 15:55
19 saylı poliklinikada bir möhürə görə 400 manat rüşvət
19 saylı poliklinikada Forma-88-in qiyməti 400 manatdır.
Moderator.az-ın məlumatına görə, bunu “Bizim Yol” qəzeti redaksiyasına məktub göndərən Nazim Nuriyev iddia edir. Məktubda N.Nuriyev qeyd edir ki, o iki dəfə infarkt keçirib. “Birinci dəfə 2008-ci ildə, ikinci dəfə isə 2013-cü ildə təcili yardımla xəstəxanaya götürülmüşəm”. N.Nuriyevin sözlərinə görə, ilk infarkt hadisəsindən sonra yenidən işə qayıdıb. “Ancaq bu mənə lazım deyildi. Həkimlər özləri mənə 3 kq ağırlığında yük götürməyə, çox hərəkət etməyə belə qoymurlar” - deyə bildirdi.
“Sonuncu hadisədə həkimlər mənə deyib ki, 6 ay sonra Tibbi-Sosial Ekspert Komissiyasına getməliyəm” - deyərək bildirdi ki, buna baxmayaraq, 8 ay keçsə də N.Nuriyev hələ də bu sənədi ala bilməyib. Sənədi əldə edə bilmədiyinə görə, N.Nuriyev təqaüdə də çıxa bilmir. N.Nuriyevin sözlərinə görə bu problemlərin başında 19 saylı poliklinikanın baş həkimi Elçin Hüseynov dayanır.
“Mən işləmirəm, ona pul verməyə, dərman almağa belə imkanın yoxdur”.
N.Nuriyevin müayinədən aldığı sənədlərə gəldikdə isə, o bildirdi ki, forma-88 üçün tələb edilən epikrizi ilk dəfə Elmi-Tədqiqat Kardiologiya İnstitutundan alıb. “Epikrizim də var. Baş həkim mənə dedi ki, bu yaramır, yeni epikriz lazımdır. Gedib 5 saylı poliklinikada bir həftə yatıb, yeni epikriz almışam. İndi də başqa nağıl oxuyur”.
İkinci dəfə epikriz aldıqdan sonra isə N.Nuriyevin sözlərinə görə, o, Elçin Hüseynov tərəfindən müavinin yanına göndərilib və sənədlərinin müavini tərəfindən yoxlanılacağını bildirib. “Bir dəfə yanına getdim, dedi, get filan xanıma yaxınlaş, sənədlərini yoxlasın. Dəqiq bilmirəm, ancaq səhv etmirəmsə həmin xanım onun müavindir. Sevda xanım sənədlərimə baxdı və dedi ki, hər şey qaydasındadır. Dedi sabah gəlib Forma-88 alarsınız. Lakin bir dəfə yerində olmadı, digər dəfə başqa bir bəhanə gətirdilər. Beləcə məni get-gələ salırlar.” N.Nuriyevin sözlərinə görə, artıq 2 aydır ki, o, bu sənədi 19 saylı poliklinikadan almağa cəhd göstərir.
Bundan başqa N.Nuriyev bildirdi ki, nəinki xəstələr, hətta poliklinika işçiləri də baş həkimdən narazıdırlar.
“Əvvəllər belə problemlər yaşanmırdı, indi bilmirəm bu baş həkim haradan gəlib çıxıb. Özü üçün hansısa bir komissiya yaradıb. Deyirəm ki, komissiya yaratmısınız, elə canlı durmuşam qarşınızda, məni müayinədən keçirin. Ora-bura getməyə pulum yoxdur. Cavabında isə mənə deyir ki, buna səlahiyyətləri çatmır. Bəs onda nəyə görə orada komissiya yaradılıb? Sənədə möhür vurmağa görə də 400 manat istəyir”.
N.Nuriyev onu da bildirdi ki, ötən həftə o, bununla bağlı ölkə başçısına və Səhiyyə Nazirliyinə məktub göndərib.
Qeyd edək ki, forma-88-i N.Nuriyev Qaradağ rayonu üzrə TSEK-ə təqdim edib, oradan da müayinədən keçib, təqaüdə çıxmalıdır.
Bununla bağlı hüquqşünas Müzəffər Baxışov bildirdi ki, belə bir halla qarşılaşan şəxs məhkəməyə müraciət etməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsində bu tip iddialara məcbur etmə iddiaları deyilir ki, bu hal təsdiqləndiyi təqdirdə məhkəmə həmin vəzifəli şəxsin üzərinə vəzifə qoyur ki, həmin forma-88 sənədini möhürlü və imzalı şəkildə tələb edən şəxsə versin”.
Növbəti saylarımızda biz bir daha bu mövzuya qayıdıb, 19 saylı poliklinikada bu şikayətlə bağlı durumu aydınlaşdırıb nəzərinizə çatdıracağıq.

Geri qayıt