Əsas Səhifə > Güney Press > Bir tərəfdə Azərbaycana təbrik,
Bir tərəfdə Azərbaycana təbrik,Dünən, 13:00 |
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə qalmaqallı açıqlama verib. O, Qarabağdan danışarkən “itirilmiş vətən” sözlərindən istifadə edib: “Fakt budur ki, 44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirmişik, eyni zamanda daha suveren, daha müstəqil, özümüzü təmin edən dövlət əldə etmişik”. Görünür, Paşinyan yenə də əvvəlki sərsəm ritorikasına qayıdıb. O, Qurban bayramında Azərbaycanı təbrik edib ölkəmizə qarşı hansısa ərazi iddialarının olmadığını desə də, növbəti dəfə belə təxribatçı bəyanatlar səsləndirməyə başlayıb. Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı ziddiyyətli bəyanatları və dəyişkən ritorikası son dövrlərdə həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən sual altına alınmağa başlayıb: “Bir tərəfdən, Paşinyan sülh gündəliyini dəstəklədiyini, Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bəyan edir, hətta Qurban bayramı kimi simvolik dini bayramlarda Azərbaycan xalqını təbrik edir. Digər tərəfdən isə daxili auditoriyaya yönəlik çıxışlarında “öz ərazilərinin bir hissəsini itirməkdən” danışır və bu cür ifadələrlə 10 noyabr 2020-ci il Bəyanatının hüquqi və siyasi məzmununa zidd mövqe sərgiləyir”. Ekspert qeyd edib ki, bu ikili yanaşma Paşinyanın həm daxili, həm də xarici siyasətdə balanslaşdırma cəhdi kimi dəyərləndirilə bilər: “Ölkə daxilində revanşist təbəqələrin təzyiqi altında olan Paşinyan onların dəstəyini tam itirməməyə çalışır. Xüsusilə də müxalif qüvvələr və Qarabağla bağlı emosional yük daşıyan seçici kütlələri qarşısında “dövlət maraqlarını müdafiə edən lider” obrazını saxlamaq istəyir. Lakin eyni zamanda, beynəlxalq aləmdə və xüsusən Avropa İttifaqı, ABŞ kimi mərkəzlərdə sülhə meyilli və rasional lider imici yaratmağa çalışır. Paşinyanın bu ritorikası həm də Ermənistanın öz dövlət kimliyi və gələcəyi ilə bağlı dərin siyasi və ideoloji parçalanmalar yaşadığını göstərir”. Politoloq diqqətə çatdırıb ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edən Paşinyan hakimiyyəti eyni zamanda bu gerçəkliklə barışmaq istəməyən cəmiyyətin bir hissəsini itirməmək üçün daim ziddiyyətli mesajlar verir: “Bu isə regionda etimad mühitinin formalaşmasına mane olur və sülh prosesinə davamlı zərbə vurur. Beləliklə, Paşinyanın çıxışları sadəcə fərdi yanaşma deyil, eyni zamanda Ermənistanın hazırkı siyasi dilemmasının bariz əksidir. Bir tərəfdə real geosiyasi situasiya və beynəlxalq hüququn tələbləri, digər tərəfdə isə daxili populizm və seçici bazasını qoruma instinkti dayanır. Bu isə sülhə aparan yolun hələ də siyasi iradədən daha çox kommunikativ manipulyasiya vasitələri ilə idarə olunduğunu göstərir”. Geri qayıt |