
Ermənistanın baş naziri Nikol Paşinyan kilsə rəhbərliyi barədə sərt açıqlamaları davam etdirir.
Modern.az xəbər verir ki, Nikol Paşinyan iyunun 9-da sosial şəbəkə hesabında bütün ermənilərin katalikosu II Qaregini yenidən ittiham edib.
Baş nazirin sözlərinə görə, II Qaregin vəzifəyə təyin olunarkən könüllü olaraq qəbul etdiyi subaylıq andını pozub.
"II Qaregin könüllü olaraq qəbul etdiyi subaylıq andını pozub və övladı var. Bu faktdır və II Qaregin bunu təkzib etməyə çalışsa, yalan danışmağa cəhd göstərsə, mən müvafiq formatda sübut təqdim edəcəm", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Erməni Apostol Kilsəsinin Nizamnaməsinə uyğun olaraq II Qareginin yepiskop, arxiyepiskop, deməli, katolikos olmaq hüququ yoxdur və o istefa verməlidir.
“Katolikos II Qaregin (Ktriç Nersisyan) Eçmiədzinin ana taxtını tərk etməlidir”, - Paşinyan əlavə edib.
“Erməni Apostol Kilsəsinin sadiq inanclısı olaraq, mənəvi irsimizin hər bir elementinə ehtiramla yanaşan şəxs kimi bəyan edirəm: Erməni Apostol Kilsəsi seçkilərə qədər əxlaqı təsdiqlənəcək yeni katolikosu seçməlidir”, - Paşinyan vurğulayıb.
O, həmçinin Erməni Apostol Kilsəsinin bütün dindarlarını “Eçmiədzin Ana Taxtına bütün ermənilərin yeni katolikosunun seçilməsi işi ətrafında birləşməyə” çağırıb.
İrəvanda baş verənlər Bakıda da diqqətlə izlənilir. Siyasi ekspert Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan qəti şəkildə II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi. "Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır. Söhbət o ölkələrin kəşfiyyat strukturlarından gedir ki, Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəmirlər. Nikol Paşinyan II Qareginlə yanaşı, keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əllərindəki məlumatları Ermənistanın baş nazirinə ötürüblər. Paşinyan bu məlumatlar əsasında parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq. Onun bu fəaliyyəti bizim də xeyrimizədir", - E.Şahinoğlu bildirib.
Geri qayıt
|