Əsas Səhifə > Güney Press > Rusiya üzərindəki “Hörümçək toru”
Rusiya üzərindəki “Hörümçək toru”5-06-2025, 10:35 |
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi davam etdiyi vaxtda Kiyev unikal əməliyyatla Moskvaya ağır zərbə endirdi. Belə ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən “Hörümçək toru” adlı genişmiqyaslı əməliyyat Rusiya hərbi aviasiyasına sarsıdıcı zərbə vurmuş oldu. Artıq əməliyyatın başlanğıc anlarına dair eksklüziv video kadrlar ortaya çıxıb. Kadrlarda modul tipli, mobil dron idarəetmə mərkəzləri yerləşdirilən yük avtomobilinin xüsusi tapşırıq üçün ərazidən çıxması əks olunur. Bu mobil mərkəzlər FPV və kamikadze dronlarını uzaqdan idarə etmək üçün istifadə olunub. Əməliyyat çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiya ərazisinin dərinliklərində yerləşən aerodromlara eyni vaxtda koordinasiyalı hücumlar həyata keçiriblər. Hücumlar əsasən Bryansk, Kursk, Tula, Murmansk, İrkutsk və Saratov vilayətlərindəki hərbi hava bazalarına yönəlib. İlkin məlumatlara görə, Saratov yaxınlığındakı Engels hərbi bazasında yerləşən ən azı 4 strateji Tu-95 bombardmançı təyyarəsi məhv edilib və ya ciddi şəkildə zədələnib. Həmçinin Kurskda yerləşən hava hücumuna qarşı müdafiə sistemləri deaktiv edilib və aerodromun infrastrukturuna böyük ziyan dəyib. Ekspertlər hesab edirlər ki, bu əməliyyat yalnız bir zərbə deyil, həm də Ukraynanın yeni tipli müharibə aparma strategiyasının təqdimatıdır. Dronların bir-biri ilə real vaxtda koordinasiyası, rəqəmsal komanda strukturları və avtonom qərarvermə imkanları ilə həyata keçirilən “Hörümçək toru” ən müasir PUA taktikalarının sintezi hesab olunur. Məlumdur ki, "Hörümçək toru" əməliyyatı Rusiya hərbi infrastrukturu üçün ağır strateji zərbə olub. Onlarla təyyarə sıradan çıxarılıb, hava hücumundan müdafiə sistemləri iflic vəziyyətə salınıb, aerodromlar uzun müddət fəaliyyət göstərmək imkanından məhrum edilib. Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Müdafiə Qüvvələrinin bu cür yüksək texnologiyalı və koordinasiyalı hücumları, ənənəvi döyüş taktikalarının dəyişməkdə olduğunu bir daha sübut edir. Ukrayna tərəfi bildirir ki, bu əməliyyat yalnız başlanğıcdır və "Hörümçək toru"nun növbəti mərhələləri artıq planlaşdırılır. İddialara görə bu unikal əməliyyat təkcə Ukraynanın yox, üç xarici kəşfiyyat xidmətinin hazırladığı əməliyyatdır. Ehtimallara görə, burada Avropa dövlətlərinin kəşfiyyat xidmətləri iştirak ediblər. Bəziləri bunu belə dəyərləndirir ki, “Hörümçək toru”nun davamlı olacağı mesajının verilməsi o deməkdir ki, Qərb, xüsusilə də Avropa dövlətləri belə əməliyyatlarda maraqlıdır. Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA.AZ-a müsahibəsində bildirib ki, Ukraynanın unikal əməliyyatları eyni vaxta təsadüfm etsə də, bu əməliyyatlar 5-10 günə hazırlanmayıb: - Elan edildiyi kimi, uzun müddət bu əməliyyatlara hazırlıq gedib. Nəzərə almaq lazımdır ki, bu əməliyyatlar Rusiya ilə Ukrayna nümayəndələrinin atəşkəs və sülhlə bağlı İstanbulda keçirilən danışıqlarından bir gün əvvəl həyata keçirildi. Demək ki, Ukrayna İstanbul danışıqlarının nəticəsiz qalacağını əvcvəlcədən bilirdi. Ukrayna Prezidenti Volodimir Zelenski hələ vaxtında Trampa Oval kabinetdə demişdi ki, Rusiya Prezidenti Vladimir Putin diplomatiya ilə müharibəni dayandırmayacaq. Moskva müharibəni güc yolu ilə, yaxud geniş sanksiyaların tətbiqi ilə dayandıra bilər. Ukrayna görür ki, Rusiya nəinki sülhə, atəşkəsə belə hazır deyil. Ola bilər ki, Kiyev və müttəfiqləri İstanbul danışıqlarından bir gün əvvəl belə bir əməliyyatla Moskvanın masada şərtlərini yumşaldacağını zənn etsinlər, amma biz əksini gördük. Rusiyanın İstanbulda təqdim etdiyi memorandum Ukraynanın təslimi deməkdir. Moskva qəbuledilməz şərtlər irəli sürməklə Kiyevin kapitulyasiyasını istəyir. Ukrayna isə kapitulyasiyaya getmək niyyətində deyil və belə unikal əməliyyata əl atır. Bununla Ukrayna həm də Rusiyaya maksimum şəkildə ziyan vurmaq istəyir. - “Hörümçək toru”nun ardınca Krım körpüsünün vurulması da var. Belə fikirlər var ki, bu, Kiyevin mesajıdır ki, əməliyyatların ardı gələcək... - Ukrayna bir neçə dəfə Krım körpüsünə zərər verib, əməliyyatlar keçirib. Bununla üçüncü dəfədir ki, Krım körpüsünə qarşı uğurlu əməliyyat keçirilir. Demək ki, üçüncü, dördüncü əməliyyat da keçirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Krım körpüsü yalnız Rusiya ilə Krımı birləşdirmir, Rusiya bu körpü vasitəsilə Ukrayna cəbhəsinə silah-sursat daşıyır. Ona görə də Krım körpüsü bundan sonra da Kiyevin hədəfində olacaq. Körpüyə dronlar vasitəsilə hücum etmək çətindir, çünki dronların dağıdıcılıq qabiliyyəti azdır. Amma yenə də unikal əməliyyat keçirilməsi istisna deyil. - “Hörümçək toru” əməliyyatında başqa dövlətlərin kəşfiyyat orqanlarının köməyindən istifadə barədə fikirlər var. Bunu necə qiymətləndirirsiniz? - Əlbəttə, texnoloji cəhətdən yardımın edilməsi mümkündür və güman ki, bu kömək edilib. Amma əməliyyatın hazırlanması, onun həyata keçirilməsini reallaşdıran insanlar var. Həmin insanlar istər Rusiya ərazisində olsun, istərsə də Krım körpüsündə olsun, onlar Ukrayna xüsusi xidmət orqanmlarının – Həm Təhlükəsizlik Xidmətinin, həm də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Yənu bu əməliyyat onların uğurudur. Lakin yenə deyirəm, Ukraynanın müttəfiqləri texnoloji dəstək verə bilərlər, köməklik göstərmiş olarlar. Bütün hallarda isə bu Ukraynanın qəhrəman insanlarının əməyinin nəticəsidir. Hesab edirəm ki, belə əməliyyatlar davam edəcək. Çünki Rusiya nəinki mövqeyindən geri çəkilir, şərtlərini daha da ağırlaşdırır, absurd tələblərlə çıxış edir. Ukrayna isə “Hörümçək toru” ilə Rusiyaya mesaj verir ki, mövqeyindən geri çəkilməsə, daha acınacaqlı halla üzləşəcək. Kiyev danışıqlarda, diplomatiyada sahəsində əlini gücləndirmək üçün unikal əməliyyatlarını davam etdirəcək. Geri qayıt |