“Bu həyəti heç vaxt satmaram. Milyon versələr də satmaram. Sözün düzü heç istəməyiblər də. Bura bizim nəslimizdən qalan ev və həyətdir. Evə, həyətə bir o qədər də əl gəzdirməmişik ki, nəyisə dəyişə bilərik. İstəmişik ki, tarix olduğu kimi qalsın. İndi gələcəkdə kimə qismət olarsa, o restovrasiya edər. Evin içini təmir etmişik. Çünki film əsasən balkonda və həyətdə çəkilib. Ev qızlarımındır. Onlara vermişəm. Onlar da deyirlər ki, heç vaxt satmarıq. Yadigar qalıb da”
Bunu Moderator.az-a açıqlamasında “Yuxu” filminin çəkildiyi həyətin sahibi Zülayə Əhədova deyib. O daha sonra əlavə edib:
“Ev hamıya maraqlı gəlir. Yoldan keçənə, qohum-qonşuya. Hətta o gün bir uşaq mənim üçün su gətirir, deyir ki, eşitmişik bu evdə “Yuxu” filmi çəkilib. Görürəm ki, maraqlı gəlir. Mən bu evdə yaşayıram. Çoxu deyir ki, yerli turistlər gəlsin, baş çəksinlər. Mən belə şeyləri sevmirəm. Heç uşaqlarım da razı olmaz. O vaxt yoldaşım sağ idi, çəkilişə o razılıq vermişdi. Düzdür, yaxşı ki, film çəkildi və tarixə düşdü. Hətta filmdə çəkilməyə mənə də dəvət etmişdilər, çəkilmədim. Sonra qonşu qadınlar çəkildi. Hansı ki, Nəsibə xanım ağlayır, orada yanında olan qadınlar qonşularımızdır. Həyətə görə o avxt 10 şirvan pul vermişdilər. Onu da aparıb qoyduq “Vahid bank”-a, bank da bağlandı” deyə o bildirib.
Zülayə xanım bildirib ki, filmin çəkilişlərindən sonra baş qəhrəmanlar bir dəfə də olsun bura gəlməyiblər:
“Filmin çəkilişlərində iştirak edənlərdən əksəriyyəti dünyasını dəyişib. Cahangir Novruzov o vaxt gəlmişdi. Bəhram Bağırzadə, Əliabbas rolunu oynayan İlham Qasımov, Bahar rolunu canlandıran Ayan Mirqasımova bir dəfə də olsun bu həyətə gəlməyiblər. Elə filmin çəkilişlərindən çıxanlardır. Əlbəttə ki, istərdim gəlib getsinlər” deyə ev sahibi bildirib.

Geri qayıt
|