Əsas Səhifə > Güney Press > “AXC xalqla yox, mafiya ilə işləyirdi”

“AXC xalqla yox, mafiya ilə işləyirdi”


4-06-2025, 16:01

Bu gün 1993-cü ildə baş vermiş 4 iyun Gəncə qiyamından 32 il ötür. Bu tarix bir sıra məsələləri yenidən gündəmə gətirib və müzakirələrə yol açıb. Əsas müzakirə olunan məsələlərdən biri isə Elçibəy iqtidarının təmsilçilərinin o zamankı siyasi müxalifəti günahlandırması ilə bağlıdır.

AXC hökumətinin nümayəndələri hələ də iddia edir ki, Etibar Məmmədov, Zərdüşt Əlizadə, Nemət Pənahlı, Rəhim Qazıyev və başqaları qiyamçılara dəstək verib.

Globalinfo.az ittihamlarla bağlı Zərdüşt Əlizadənin mövqeyini öyrənib.

Z.Əlizadə deyib ki, hadisənin baş vermə səbəbləri arasında müxtəlif adamların xidməti var.

O, həmin dövrdə kiçik bir qəzetdə baş redaktor kimi çalışdığını bildirib:

“Bundan başqa maksimum 400 üzvü olan bir partiya rəhbərlərindən biri idim. Digər tərəfdə isə dövlətin başında duran təşkilat və bir cinah mövcud idi. İndi düşünün, 4 iyun hadisələrində kimin günahı çoxdur? Mənim bu məsələyə aidiyyətim yoxdur. Günahın hamısı səlahiyyətli şəxslərdədir. O hadisələrin canlı iştirakçısı kimi deyirəm ki, onlara Azərbaycan Xalq Cəbhəsi (AXC) ideyasını mən vermişəm, təşkilatlar yaratmışam. Məni ittiham edənlərin heç bundan xəbərləri olmayıb. Həmin şəxslər orda türkçülük haqda nağıl danışırdılar. Sonra gördülər ki, müasir zəmanə ilə ayaqlaşan hərəkat yaranır, hamısı gəldilər ora. Ardınca da fırıldaqçılıqla elə bir şərait yaratdılar ki, iyrənib çıxdım ordan”.

Zərdüş Əlizadə iddia edir ki, Elçibəy və onun ətrafının Xalq Cəbhəsinin yaranmasında zərrə qədər xidmətləri yoxdur:

“Onların rolu “partiya təsərrüfat mafiyası” yaratmaq oldu. Orda büdcəni talayırdılar, rüşvət alırdılar, xalqı əzirdilər. Həmin adamlar da hakimiyyəti itirməkdən qorxduqları üçün AXC-dən alət kimi istifadə edib, xalq hərəkatını yanlış səmtə yönəltməyə başladılar. Qanunla deyil, iğtişaşla, çevrilişlə, zorakılıqla hərəkətə keçdilər. Ona görə də AXC xalqla yox, partiya təsərrüfat mafiyası ilə işləməyə başladı. Nəticədə də hakimiyyətə gəldilər. Qiyam baş verməsində də günahkar məhz onlardır. Başqasında günah axtarmaq mənasızdır. 4 iyun hadisələrindən əvvəl 1990-cı ilin 20 yanvar və 1992-ci ilin 5-6 mart hadisələri yaşanmışdı. Bir sözlə, AXC-nin rolu çevriliş etməkdən ibarət idi”.

Müsahibimiz bu məsələdə adının hallanmasının əsassız olduğunu deyib:

“Bilmirəm, niyə mənim adımı hallandırırlar. Hamı hadisənin düz mərkəzində olduğumu yaxşı bilir. Fərqimiz ondadır ki, mən gördüyümü deyirəm, onlar düşündüklərini. Demokratik islahatlar, iqtisadiyyatın səmərəsinin artırılması, insan hüquqlarının təzminatı, demokratik institutlar istiqamətində addım atmaq əvəzinə gətirib “əndrabadi” bir dövlət qurdular”.


Geri qayıt