Əsas Səhifə > Güney Press > Dağlarda qurulan dağ kimi birlik
Dağlarda qurulan dağ kimi birlik2-06-2025, 10:32 |
Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən sonra sülh barədə ən çox danışan Ermənistanın baş naziri Nikol Paşinyandır. Sülh təkliflərini ilk olaraq Azərbaycan təqdim etsə də, bu barədə bəyanatları bir-birinə calayan, amma real addımlar atmayan Ermənistan hakimiyyətidir. Ermənistanın baş naziri Nostradamus kimi proqnozlar verməyə çalışır, daim sülhdən danışır, amma intensiv şəkildə Hindistan və Fransadan silah alır, yerli silah istehsalını gücləndirir, şərti sərhəddə silah, texnika, heyət, vasitə və avadanlıq yerləşdirir. Bütün bunların işğalçı ölkənin “sülh” imzalamağa çalışdığı Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulduğu şübhəsizdir. Ermənistan rəhbərliyinin “Azəbaycanla sülh olacaq” kimi müddəalarını təmin etməsi üçün hərbi, siyasi, iqtisadi və diplomatik faktorlar olmalıdır. Hazırda Ermənistanın Azərbaycana bir dənə də olsun təsir mexanizmi mövcud deyil. İrəvan Azərbaycanı hansısa fəaliyyətində azacıq belə məhdudlaşdırmaq potensialından tamamilə məhrumdur. Son cümləni daha aydın şəkildə ifadə etməyə çalışacağam: Ermənistan ictimaiyyətində Vətən Müharibəsindəki məğlubiyyətdən sonra başlayan dərin depressiya hələ də davam edir. İnsanlar qorxu icindədir, bəzilərinin gözünə hər yerdə Azərbaycan Əsgəri görünür. Ermənistanda revanş barədə təkliflər verənlər tapılır, lakin onların əksəriyyəti 44 günlük Vətən Müharibəsi zamanı ətək altında gizlənən fərarilərdir. Hazırda ölkənin hərbi gücü yox səviyyəsindədir. Fərari erməni ordusunun mənəvi-psixoloji və döyüş hazırlığı vəziyyəti Azərbaycana qarşı nəinki ultimatum dilində, hətta bərabər səviyyədə müzakirələr aparmağa imkan vermir. Buna görə də Ermənistan rəhbərliyi sülh barədə danışmağa məcburdur. Bundan başqa: Mayın 28-də Paşinyan Sardarapatda yenə sülhdən danışanda Azərbaycan Prezidenti İlham Əliyev Laçın beynəlxalq aeroportunun açılışını edirdi. Üç qardaş ölkənin lideri - Azərbaycan və Türkiyə prezidentləri və Pakistanın baş naziri Qərbi Zəngəzurun giriş qapısı olan Laçında görüşdülər. Ermənilərin 28 il darmadağın etdiyi Laçın artıq dünya miqyasında nüfuza malik rəhbər siyasətçiləri və onların təyyarələrini qəbul edir. Strateji münasibətlərə malik üç ölkənin arasında yeni hərbi-siyasi ittifaqın qurulması da məhz vaxtilə Ermənistanı Qarabağ ilə birləşdirən Laçında elan edildi. 3 qardaş ölkə arasındakı hərbi əməkdaşlıq ilk növbədə Ermənistana və onu dəstəkləyən ölkələrə qarşı aşkar əzələ nümayişidir. İrəvan isə meydanda tək və köməksiz qalıb. Ermənistanı dəstəkləyən ölkələrin özləri hazırda yardıma dərindən ehtiyac duyur. Ermənistana Azərbaycan, Hindistana Pakistan, Makrona Bricit və Fransa müstəmləkələri, İrana isə İsrail və ABŞ göz açmağa imkan vermir. Azərbaycan, Türkiyə və Pakistan liderləri isə eyni güc mövqeyindən çıxış edir və bunu aşkar göstərirlər. Fransa, ABŞ, Rusiya, İran, Hindistan, Ermənistan və başqaları bu hərbi ittifaqa təsir etmək imkanlarına malik deyil. Yaxın perspektivdə bu ittifaqa dəstək verən Çinin və Türk Dövlətləri Təşkilatının Azərbaycan, Türkiyə və Pakistan birliyinə qoşulması da mümkündür. Belə olan vəziyyətdə Azərbaycan zəif və müdafiəsiz Ermənistanı istədiyi qədər sıxır, amma suyunu hələlik tam çıxarmaq istəmir, çünki Prezidentimiz sülhün və təhlükəsizliyin tərəfdarıdır. Qan tökülməsini, erməni gənclərin mənasız yerə ölməsini istəmir. Amma İlham Əliyevin Ermənistanın vaxt uzatmaqla kritik həddə qədər silahlanmasına uzun müddət seyrçi qalacağını düşünmürəm.
Ədalət Verdiyev Geri qayıt |