Əsas Səhifə > Güney Press > Şahbaz Şərifin Bakı səfərinin mesajları
Şahbaz Şərifin Bakı səfərinin mesajları26-05-2025, 18:08 |
"Pakistan Baş naziri Şahbaz Şərifin Türkiyəyə və Azərbaycana səfərləri ilk növbədə Hindistanla qısa müddətli müharibə dövründə hər iki ölkə rəhbərliyinin İslamabada dəstəyinə görə minnətdarlıq etmək məqsədi daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Pakistan baş naziri Şahbaz Şərifin Türkiyəyə səfər etməsi və Azərbaycana gözlənilən səfərini şərh edərkən deyib.
"Bu gərginlikdən sonra Şərifin Azərbaycan və Türkiyəyə təşəkkür bəyanatında da buna şahid olduq. Pakistan müharibə dövründə Hindistana qalib gəldi. Onun beş qırıcı təyyarəsini vurdu", deyə Azər Qasımov bildirib.
Həmsöhbətimiz fikrincə, müharibə dövründə Pakistanın Hindistan ordusuna qarşı bir sıra üstünlüklərin təmin olunmasında Türkiyənin də dəstəyi böyük rol oynayıb:
"Əgər Pakistan rəhbəri Türkiyə və Azərbaycana təşəkkür edibsə, deməli, buna ehtiyac yaranıb və həqiqətən də müəyyən dəstək olunub. Pakistanın Azərbaycanın Qarabağ müharibəsindəki göstərdiyi mənəvi və siyasi dəstəyi də unutmamışıq. Bununla yanaşı Azərbaycan "Şuşa bəyannaməsi" ilə Türkiyə ilə strateji müttəfiq müqaviləsi imzalayandan sonra "Bakı müqaviləsi" ilə Pakistanla da eyni xarakterli müqavilə imzaladı ki, bu bəyannamələrin əsas bəndlərindən biri hər hansı ölkənin birinə olunan hərbi hücum digər ölkəyə də olunmuş kimi qəbul edilir və belə vəziyyətdə bir-birinə hər şəkildə dəstək nəzərdə tutulur. İstər Pakistan, istərsə də Azərbaycan və Türkiyə bu bəyanatın ruhuna uyğun olaraq öz öhdəliklərinə sadiqdirlər. Ona görə də Pakistan Baş naziri Şahbaz Şərifin Türkiyəyə, sonra isə Azərbaycana gözlənilən səfəri bu müqavilənin ruhunu hər kəsə bəyan etməkdir”.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb. Məlumata görə, onu İstanbul Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb. Baş nazirin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Xatırladaq ki, Ş.Şərifin yaxın günlərdə Azərbaycana da səfəri gözlənilir.
Geri qayıt |