Əsas Səhifə > Güney Press > “Qurani-Kərim”də qurbağa ətinin haram olması deyilmir, hədislərdə də qəti hökm yoxdur”

“Qurani-Kərim”də qurbağa ətinin haram olması deyilmir, hədislərdə də qəti hökm yoxdur”


26-05-2025, 12:13

“Əksər İslam alimlərinə görə, qurbağanı yemək haram, öldürmək də qadağandır. Öldürülməsi qadağan olunan bal arısı, qarışqa kimi bir neçə heyvan var ki, qurbağa da bunlara daxildir. Təkcə Maliki məktəbinə görə, qurbağa əti icazəlidir. Maliki məzhəbinə isə əsasən Tunis, Liviya tərəflərdə əməl edilir. Yəni İslam üləmasının çoxluğuna görə, qurbağa yemək doğru deyil”.

Bu sözləri Pravda.az-a ilahiyyatçı Tural İrfan son günlər restoranlarda qurbağa əti menyuya salınmasının gündəmə çevrilməsindən danışarkən deyib.

İlahiyyatçı bildirib ki, qurbağanın növləri var: “Quruda və suda yaşayan, yaxud həm quruda, həm də suda yaşaya bilən qurbağa növləri var. İslam alimlərinin əksəriyyətinin fikrinə görə, həm quruda, həm suda yaşayan qurbağaların öldürülməsi doğru deyil. Ancaq bir məsələ var ki, xalqımızın əksəriyyəti müsəlman olsa da, dövlətimiz teokratik deyil. Ölkəmizdə başqa dinlərin nümayəndələri, fərqli inancların mənsubları da var, çoxsaylı turistlər, xarici qonaqlar ölkəmizə səfər edir. Buna görə qurbağa əti, donuz əti kimi qidaların menyularda olması da təbiidir. Əlbəttə, heç kimi zorla tutub qurbağa əti yedizdirmirlər. Kim haram hesab edirsə, yeməsin. Ola bilsin, qurbağa əti təklif edən müəssisələr yeyilməli növündən istifadə edirlər. Çünki bir çox ölkələrdə bu cür qurbağa ətindən istifadə olunur. Həm də etiraf edək ki, “Qurani-Kərim”də qurbağa ətinin haram olması deyilmir, hədislərdə də qəti hökm yoxdur, alimlər də fərqli fətvalar veriblər. Hesab edirəm ki, bu, qurbağaların növünə görə dəyişməlidir. Yəni mütəxəssislər bu haqda rəy verməlidir. “Qurani-Kərim”də deyilir ki, bir məsələ haqda rəyə gələ bilməsəniz, mütləq o sahənin mütəxəssislərinə müraciət edin. Zoologiya, tibb üzrə, hətta kulinariya mütəxəssislərinin qurbağa növləri haqda, yaxud hansının qida kimi istifadə edilə bilinməsi haqda rəy vermələri ən doğru olardı. Çünki dinimizin əsli bunu tələb edir. Təzadlı olduğu üçün burada mütləq ənənəyə və mütəxəssislərin rəyinə baxmaq lazımdır. Xalqımızın ənənəsində də qurbağa yemək dəbdə deyil. Hər bir halda qurbağa əti donuz əti kimi qəti haram sayılmayıb. Mümkün olduğu qədər çəkinmək lazımdır. Həm də İslamda bir heyvanın ətinin yeyilməməsi yalnız onun zərərli olmasına görə deyil, bəzən heyvan növünün kökünün kəsilməməsi üçündür. Məsələn, at ətinin məkruh olması buna görədir ki, at minik heyvanıdır. Hamı kəsib yesə, məişətdə, savaşda, digər işlərdə at qıtlığı yarana bilərdi. O cümlədən qurbağaların da təbiətdə yaşaması vacibdir, önəmlidir. Başqa növ qidalar, ətlər olduğu halda qurbağa yemək o qədər də adətimizə, menyumuza, milli mətbəximizə münasib deyil. İmkan daxilində bunu xalqımız arasında ənənəyə çevirməmək lazımdır”.


Geri qayıt