Əsas Səhifə > Güney Press / Partiya > "İranın çox ağır bir durumdadır..."

"İranın çox ağır bir durumdadır..."


Bu gün, 05:34

“Məlum olduğu kimi, İran Azərbaycanla birgə işğaldan azad olunan ərazilərimizdə “Araz-2025” birgə hərbi təlimləri keçirərkən, bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə də eyni gündə təcili İrəvana gedib. Elə eyni gündə də Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edib. Görəsən, şimal və cənub qonşularımızın dövlət rəsmilərinin eyni gündə, eyni məkana edilən səfərləri arasında bir əlaqə yoxdur ki? Bəs İran müdafiə naziri sözügedən səfərdə əsas məqsədləri nələrdir?” 

Bu sualı ünvanladığımız Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:

“Bilirsiz, əvvəla, İranın hər hansı bir ölkəyə səfərini, hansısa siyasi-diplomatik gedişini müzakirə etməzdən öncə bu ölkənin hazırkı durumunu nəzərə almaq lazımdır. Birincisi, İran çox ağır iqtisadi-sosial durumdadır. İkincisi, bu gün İran nüvə danışıqlarıyla bağlı ABŞ-ın təzyiqləri altında qapana sıxılıb. Tramp hakimiyyətə gəldiyi ilk günlərdən bu ölkəni maksumum təzyiqlər altında saxlamağa qərar verib. Əvvəlcə danışıqlarda Vaşinqton İrana uranın müəyyən faiz zənginləşdirilməsi üzərində çalışmasına razılıq verirdisə, indi deyir ki, yox, nüvə proqramı tamamilə dayandırılmalıdır, çünki siz nüvə silahı əldə edə bilərsiniz. Digər tərəfdən, İsrail İranı hədələyir ki, əgər nüvə danışıqlarından imtina edərsinizsə, ərazinizdəki hərbi və nüvə obyektlərini vuracağıq. Odur ki, bu gün İran ağır, ağı və ağır durumdadır. Bu səbəbdən həmin ölkənin müdafiə nazirinin Ermənistana səfərini suda boğulanın saman çöpündən yapışması kimi dəyərləndirmək olar. Bu səfərin Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri ilə eyni vaxta düşməsi isə zənnimcə, sadəcə təsadüfdür və onlar arasında ciddi bir əlaqə görünmür...  

Həmçinin mən ona da inanmıram ki, Əziz Nəsirzadənin İrəvana səfəri İranla Ermənistanın Azərbaycana qarşı hansısa planlarının tərkib hissəsi olsun. Əvvəla, İranın dediyim kimi, özü çox ağır bir durumdadır, ikincisi də Ermənistanın mövcud gücü, potensialıyla Azərbaycanın mövcud gücü, potensialı bir deyil. Görünür, İran bununla həm Ermənistana çatdırmaq istəyib ki, bizim Azərbaycanla Qarabağda birgə təlimlər keçirməyimizin sizin üçün heç bir təhlükəsi yoxdur. Ona görə də vurğulayıb ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil... 

Bilirsiz, rəsmi Tehran çalışır ki, bir yandan prezident Məsud Pezeşkianın səfəri, eləcə də iki ölkə ordusunun işğaldan azad edilmiş ərazilərdə birgə təlimi ilə heç olmasa Azərbaycanla normal münasibətlər saxlasın, digər tərəfdən isə müdafiə nazirini Ermənistana göndərməklə həmin ölkənin ondan uzaqlaşmasına imkan verməsin. Hazırda Ermənistan Qərblə, Avropa, xüsusən də ABŞ-la yaxın münasibətlər qurmağa çalışır. Rusiya ilə münasibətlər məsələsi var. Yəni Ermənistanın gələcəkdə mövqeyinin necə olacağı aydın deyil. Bu ölkə seçim qarşısındadır və onu gec-tez etməlidir. Ona görə də Ermənistanın İrana sonadək sədaqətli qalacağına şübhə edirəm. Sabah lazım gəlsə, İranı güdaza verəcək. Amma bu bir gerçəkdir ki, ən azı son 30 ildə Ermənistan İrandan geninə-boluna istifadə edib. İran isə Ermənistanın da, Rusiyanın da yalanlarına inanıb..."


Geri qayıt