Əsas Səhifə > Güney Press > İstedadlı gənclər ölkəni niyə tərk edir?
İstedadlı gənclər ölkəni niyə tərk edir?Bu gün, 00:05 |
İqtisadçı ekspert Rəşad Həsənov bu tendensiyanın arxasında duran bir neçə mühüm səbəbi Referans-a şərh edib. O bildirib ki, ilk növbədə əmək bazarındakı mövcud vəziyyət əsas səbəblərdən biridir. Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun zəif inkişafı və əmək bazarının bu sahədəki ehtiyaclara cavab verə bilməməsi gənclərin ölkədən getməsinə səbəb olan əsas faktorlardandır. Əmək bazarının zəif inkişaf etməsi və iqtisadiyyatın qeyri-neft sahələrinin müasir tələblərə cavab verməməsi nəticəsində gənclər öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər. Bu isə onları xaricdə daha əlverişli imkanlar axtarmağa sövq edir. Müsahibimiz hesab edir ki, digər mühüm amillərdən biri isə sosial münasibətlər sistemindəki problemlərdir. Rəşad Həsənov qeyd edir ki, uzun illərdir mövcud olan himayədarlıq və rüşvətxorluq kimi neqativ hallar gənclərin ölkə daxilində ədalətli imkanlara inamını sarsıdıb. Əksər gənclər düşünür ki, Azərbaycanda layiqli işə sahib olmaq üçün ya arxanda güclü bir himayədar olmalıdır, ya da maddi rüşvət verməlisən. Dövlət sektorunda şəffaflığın artırılması istiqamətində addımlar atılsa da, bu sahədə hələ də ciddi stereotiplər mövcuddur. Rəşad Həsənov həmçinin diqqətə çatdırıb ki, əməkhaqqı məsələsi də ciddi narahatlıq doğurur. İllərlə təhsil alaraq bilik və bacarıq qazanan gənclərin əmək bazarında cəmi 500-700 manatlıq iş tapması onların motivasiyasını azaldır. “Orta statistik vətəndaş üçün zaman və təhsil çox dəyərli sərmayədir. Amma bu sərmayənin qarşılığında minimum maaşla işləmək heç bir halda qənaətbəxş sayıla bilməz. "Sahibkarlıq mühitinin zəifliyi, startapların lazımi dəstəyi görməməsi və xüsusən də rəqəmsal təşəbbüskarlıq ekosisteminin kifayət qədər inkişaf etməməsi də bu miqrasiya axınını gücləndirən digər amillərdəndir. Gənclər, daha açıq və ədalətli iqtisadi mühit axtarışı ilə xarici ölkələrə üz tuturlar. Azərbaycanlı gənclərin xaricə üz tutması təkcə şəxsi ambisiyalarla deyil, həm də real iqtisadi problemlərlə əlaqədardır. Əmək bazarının şəffaf, ədalətli və rəqabətli olması, layiqli əməkhaqqı, və innovativ təşəbbüslərin dəstəklənməsi bu meylin qarşısını almaqda əsas rol oynaya bilər. Əks halda, ölkənin gənc və perspektivli kadrlarını itirmə riski hər keçən gün artır",- deyə iqtisadçı qeyd edib. Geri qayıt |