Əsas Səhifə > Güney Press > Narkomanların 90 faizi potensial narkotacirdir

Narkomanların 90 faizi potensial narkotacirdir


Dünən, 19:12

Millət vəkili Fazil Mustafa parlamentin iclasında bir məsələyə toxunub. Deputat bildirib ki, həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Həmçinin, qeyd edib ki, narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır:

"Məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir. Bu günlərdə Yasamalda belə bir hadisə baş verdi ki, insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik etdilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanın narkotik faciəsindən qurtarmaq çox çətin olacaq". Deputat qeyd edib ki, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: "Vətəndaş dəstəyinə ehtiyac var. Lazımi yerlərdə kameralar quraşdırılmalıdır".

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya ilə mübarizə üzrə tanınmış ekspert Emil Maqalov "Sherg.az"a açıqlamasında millət vəkilinin təklifini dəstəkləyib. Ekspert vurğulayıb ki, o da efirlərdə dəfələrlə bu məsələni gündəmə gətirib:

"Qanunvericilikdə "şəxsi istehlak miqdarı" məsələsi var. Nəzərə alaq ki, on il bundan qabaqki narkotiklə indiki narkotik keyfiyyət baxımından eyni deyil. Qanunvericilikdə "şəxsi istehlak miqdarı" hər bir narkotik vasitə üzrə müxtəlif ölçülərdə nəzərdə tutulub. Məsələn, heroin 0.15 qram, qurudulmuş marixuana 5 qram nəzərdə tutulur. Qeyd edilmiş miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. "Şəxsi istehlak miqdarı"na yenidən baxılmalı, bugünkü "qara bazara" görə tənzimlənməlidir. Əgər bundan sonra "şəxsi istehlak miqdarı"ndan yuxarı həddə narkotik qəbul edilərsə, həmin şəxs həbs olunmalıdır. Bununla bağlı qanunda boşluqlar var. Məsələn, 1 qram, 100 qram, yaxud 1 kq. narkotik istifadəsinə görə həbs müddəti eynidir. Həm bu məsələyə, həm də narkotikin ağır və yüngül olması məsələsinə baxılmalıdır".

Ekspert diqqətə çatdırıb ki, bu gün 90 faiz narkomanlar potensial "bariqa"dır, yəni narkotacirdir, satıcıdır:

"Niyə? Çünki narkoman hardansa, hansısa yolla pul tapırsa, bir günə ən azından bir "çet", yəni 1 qramın 5-8, ya da 10-da bir hissəsini istifadə edir. Əlinə çox pul düşdükdə öz şəxsi istifadəsi üçün daha çox narkotik əldə etməyə çalışır. 1 qram alıbsa, yarım qramını səhər, qalan hissəsini də axşam vurur. Bu halda o narkoman "şəxsi istehlak miqdarı"nı keçdiyinə görə həbs olunmalıdır. Halbuki, 1 qramı özü üçün, yəni birgünlük dozası üçün almışdı. Onlar müalicəyə göndərilməlidir. Problem odur ki, müalicə müəssisələrində kifayət qədər yer yoxdur. Digər məsələ odur ki, müalicə müəssisələrində 10 dəfə müalicədən keçmiş, yenidən ora qayıtmış adamlar var. Yəni müalicə müəssisələrində keyfiyyətli müalicə yoxdur. Bunlar reabilitasiya olunmalıdır. Mövcud qanunvericiliyə görə isə onlar ya 400 manat cərimə olunmalı, ya 2 ayadək həbs edilməli, yaxud müalicəyə göndərilməlidir. Təkrar edirəm, müalicə müəssisələrində də nə yer, nə də keyfiyyətli müalicə var. Bu da mənasızdır".

E.Maqalov onu da əlavə edib ki, hüquq-mühafizə orqanlarının, dövlət-sərhəd xidmətinin, müvafiq qurumların səyi nəticəsində narkotik satışı əvvəlki dövrlərdəki kimi deyil:

"Əvvəl bir şəhərdə 50 nəfər satırdısa, bu gün satıcı 5 nəfərdir. Çox azalıb, narkotiki tapmaq da mürəkkəbləşib. Ona görə də məktəbdə, yaxud hansısa başqa yerdə narkotik satışı əvvəlki kimi yüzdə on yox, yüzdə bir ola bilər".


Geri qayıt