Əsas Səhifə > Güney Press > YENİ PROSES: Bakıdan İrəvana təyinat...

YENİ PROSES: Bakıdan İrəvana təyinat...


Dünən, 18:07

Qafqaz Müsəlmanları İdarəsi tarixi qərar qəbul edərək İrəvan qazısı postuna təyinat həyata keçirib. Qazılar Şurasının toplantısında QMİ sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov İrəvan qazısı vəzifəsinə seçilib.

Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. İrəvan qazılığı hələlik QMİ-nin binasında yerləşəcək.

Müəyyən qədər gecikmiş olsa da, necə deyərlər bu addım tarixi ənənənin bərpasına xidmət etdiyi üçün təqdir olunmalıdır. İrəvan müsəlman şəhəri olub və Cənubi Qafqazda əsas islam mərkəzlərindən biri də İrəvanda olub.

Arxiv sənədlərinə əsasən, 19-cu əsrin 30-cu illərində Çar Rusiyası Cənubi Qafqazda müsəlman dini idarələri (əvvəl şiə Şeyxülislamlıq və sünni Müftilik hər biri ayrı qurum olsa da, sonradan idarələr birləşdirildi – K.R.) yaradılanda hər iki qurum tərkibində Tiflis, İrəvan, Yelizavetpol və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Yəni İrəvan Quberniyasında həm də müsəlman dini idarəsi – Məclisi fəaliyyət göstərib.

Yeri gəlmişkən, Qafqazın ilk şeyxülislamlarından biri Şeyxülislam Fazil İrəvani 1847-1852-ci illərdə İrəvanda şeyxülislam olub.

Ancaq İrəvanda Şeyxülislam və dini məclisdən əvvəl “müsəlman Dini Şəriət” İdarəsi fəaliyyət göstərib. Bu idarəyə Əkbər Ağa Axund Molla Məhəmməd oğlu başçılıq edib. 1988-ci il Çar Rusiyası arxiv sənədlərinə əsasən İrəvan quberniyasında 210 məscid, 1902-ci ilin məlumatına əsasən isə 310 məscid olub. Bu məscidlərdən 8-i İrəvan şəhərində olub.

Qeyd edək ki, İrəvan həm də islam mərkəzlərindən biri olub. Arxiv sənədlərinə əsasən 1891-ci ildə İrəvan quberniyasında 28 mədrəsə fəaliyyət göstərib və bu mədrəsələrdə 637 tələbə təhsil alıb.

Qədim Azərbaycan şəhəri İrəvan həm də nüfuzlu islam alimləri ilə məşhurdur, hansı ki. onların sorağı hələ 100-150 il əvvəl Nəcəf kimi islam mərkəzlərindən gəlirdi. Bunların arasında Seyid Əli İrəvani, Ayətullah Haci Şeyx Yusif İrəvani, Ayətullah Məhəmməd bin Məhəmməd Baqir İrəvani, Ayətullah Seyid Əbdülməcid İrəvani, Ayətullah Mirzə Əliağa İrəvani, Mirzə Fəzləli İrəvani kimi islam dünyasında nüfuzlu olan alimlər olub.

İrəvanilər nəslinin ən parlaq nümayəndələrindən biri Ayətullah əl-Uzma Mirzə Əli İrəvani olmuşdur. Müctəhid Ayətullah əl-Uzma Əbdül-Hüseyn İrəvaninin oğlu, Ayətullah Məhəmməd Fazil İrəvaninin isə qardaşı oğludur. Mirzə Əli İrəvani 1884-cü ildə Nəcəf şəhərində dünyaya gəlib. Dövrünün nüfuzlu alimlərindən dərslər alıb. Ayətullah Mirzə Əli İrəvani 20 il üsul və fiqh (İslam hüququ) dərslərinin xaric (ali) hissələrini tədris edib. Onun tələbələri arasında Nəcəf elmi mərkəzinin rəhbərlik etmiş Ayətullah Seyid Əbülqasim əl-Xoyi (Xoyi də azərbaycanlıdır – K.R.), Ayətullah Ruhullah Xomeyni, Ayətullah Mərəşi Nəcəfi, Əllamə Təbatəbayi, Mirzə Əli Əkbər Təbrizi, Əllamə Əmini, Şeyx Müctəba Lənkərani və digər nüfuzlu islam ilahiyyatçıları, alimlər olub. Ayətullah Mirzə Əli İrəvani bu gün də tədris vəsaiti olan İslam hüququna dair 5 əsər yazıb.

Qeyd edək ki, hazırda Nəcəf şəhərində yaşayan İrəvanilər nəslindən olan Məhəmməd Baqir İrəvani böyük Ayətullahdır və xaric dərsləri deyir. 2021-ci ildə Nəcəf şəhərində 4 əsas dini liderdən biri olan Məhəmməd Səid Hakim dünyasını dəyişdikdən sonra onun yerinə əsas namizədlərdən biri də Baqir İrəvani olub.

Ayətullah Baqir İrəvani Nəcəfdə öz dini dəftərxanasını yaradıb və hazırda Nəcəf elmi Hövzəsinin lideri olan Ayətullah Seyyid Əli Sistanidən sonra Nəcəf mərkəzinin lideri olmağa əsas namizədlərdən biridir.

Ayətullah Baqir İrəvani 1949-cu ildə Nəcəf şəhərində dünyaya gəlib, milliyətсə azərbaycanlıdır. O, Azərbaycan və Türk dillərini bilir və bu dillərdə xütbələr oxuyur. Baqir İrəvani İraqın böyük fiqh və üsul alimi hesab edilir. Onun ustadları Ayətullah Xoyi, Ayətullah Baqir Sədr, Ayətullah Səid Həkim və Ayətullah Sistaninin özü olub.

Nəcəf kimi dünyanın ən böyük islam mərkəzlərindən birində İrəvani soyadlı azərbaycanlı alimin olması bu qədim şəhərin Azərbaycana məxsusluğunu təsdiqləyən faktlardan biridir. Bu gün təsis olunan İrəvan Qazılığı isə necə deyərlər bu qədim irsin bərpa olunması istiqamətində mühüm addımdır. İrəvan islam irsinin araşdırılması və öyrənilib təbliğ olunması yəqin ki. bundan sonra daha da intensivləşər.

Kənan Rövşənoğlu,
Musavat.com


Geri qayıt