Əsas Səhifə > Güney Press > İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu?

İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu?


Bu gün, 11:59

İşçinin-İşəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? Fikrimcə qeyd olunan bu əmək münasibətinə - praktikada işəgötürən, həm də işçilər tərəfindən yanlış bir mövqe və baxış mövcuddur.AR-nın Əmək Məcəlləsinə, həm də digər qanunvericiliyə əsasən qeyd olunan əmək münasibətləri aşağıdakı kimi qəbul edilməlidir:
1. Ümumiyyətlə, işçi tərəfindən- işəgötürənə edilən hər bir müraciətə - istər şifahi, istərsə də yazılı olsun, şikayət kimi və artıq tərəflər arasında yaranmış fərdi və ya kollektiv əmək mübahisəsi kimi yanlış baxmaq olmaz. Belə ki, nəzərə almaq lazımdır ki:
2. İlkin olaraq bunu bilmək vacibdir. İşçinin- işəgötürənə hər bir müraciəti, bu mərhələdə fərdi əmək mübahisəsi deyildir. İşəgötürənin - işçinin yazılı müraciətinə cavabı, işçini tam və ya qismən qane etməzsə, yalnız bu halda tərəflər arasında əmək mübahisəsi yaranır.
3. İşəgötürənə yazdığı ərizə işçinin: əmək və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. İşçi: əmək haqqı, iş rejimi, intizam tənbehi və sair hallarla əlaqədar işəgötürənə ərizə ilə müraciət edə bilər. Bu mərhələdə bunu, işçinin şikayəti və artlq əmək mübahisəsinin yarandığı kimi qəbul etmək düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi,əgər işçinin yazılı müraciətinə - işəgötürənin cavabı işçini tam və ya qismən qane etməzsə, yalnız bu halda tərəflər arasında əmək mübahisəsi yaranır.
4. İşçinin yazılı ərizəsi: həm işəgötürən, həm də həmkarlar ittifaqı təşkilatında baxıldığı zaman da bunu şikayət kimi qəbul etmək və artlq əmək mübahisəsinin yarandığı kimi də qəbul etmək də düzgün deyil. Qeyd olunan bu halda da ərizəyə baxanların cavabları - işçini qane etməzsə, bu artıq tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi hesab edilə bilər.
5. Əgər işçinin yazılı ərizəsinə - işəgötürənin cavabı onu tam və ya qismən qane etməzsə, bu halda tərəflər arasında artıq fərdi əmək mübahisəsi yaranır. Bu zaman isə işçi şikayət ərizəsi ilə müxtəlif dövlət orqanlarına və ya vəzifəli şəxslərə, hüquq mühafizə orqanlarına yazılı şikayət ərizəsi ilə müraciət edə bilər.
6. İşçinin şikayəti – pozulmuş əmək və digər hüquqlarının bərpası və ya müdafiəsi iləbağlı etdiyi müraciətdir.
7. İşçi pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar şikayətlə: çalışdığı müəssisənin yuxarı orqanına, yuxarı Həmkarlar təşkilatlna, əmək qanunvericiliyinə Dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə,hüquq mühafizə orqanlarına və ya aidiyyətı üzrə digər dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilər.
8. Fərdi və ya kollektiv əmək mübahisəsinin yaranma səbəbləri çoxdur. Bir səbəbidə də budur. Şəxsi təcrübəmə əsasən deyirəm, bir çox hallarda, elə müəssisələr var ki, savadsız və qərəzli vəzifəli şəxslərin düzgün olmayan mövqeləri və ya müəssisə rəhbərinə yanlış məlumat verməsi nəticəsində də əmək mübahisələri yaranır. Məsələn, əmək haqqı barədə, əmək haqqından tutulmalar barədə, işçi geyimi və sair barədə işçi tərəfindən edilən sadə bir müraciətə baxıb həll etmək əvəzinə, həmin işçiyə qarşı təzyiq və təqiblər başlayır, işçi gözdən salınır, bir çox hallarda isə qərəzli surətdə müxtəlif yollarla həmin işçinin əmək müqaviləsi pozulur.
9. Fikrimcə, işçilərin şifahi və yazılı müraciət və digər tələblərinə obyektiv və qanuni şəkildə baxılıb həll edilməsi, bir çox əsassız və lazımsız əmək mübahisələrinin qarşısını alar, işçi və işəgötürən arasında normal iş mühitinin yaranması ilə nəticələnər.
10. AR-nın Konstitusiyasına və Müraciətlərə baxılması haqqında AR Qanununa əsasən: Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən də işçilərin - dövlət orqanlarına yazılı müraciət etmək hüququ vardır.
11. Müraciətə görə təqib qadağandır, müraciətə görə işçiləri təqib edən vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutulur.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.pw)

Geri qayıt