
İyun ayının ortalarında Vatikanda Ukrayna və ABŞ arasında danışıqların yeni raundu gözlənilir.
Reyting.az xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadla yazıb.
ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə telefon söhbətində danışıqlara dövlət katibi Marko Rubionu və xüsusi elçi Keyt Kelloqu da göndərəcəyini deyib.
Nəşr yazır ki, Avropanın bəzi liderləri Trampla söhbətlərində Vatikanda istənilən danışıqların nəticəsinin qeyd-şərtsiz atəşkəs olmasına təkid ediblər. Ancaq Tramp “şərtsiz” ifadəsini bəyənmədiyini deyərək yenə sualdan yayınıb. O, mayın 8-də “Truth” sosial media platformasındakı paylaşımında 30 günlük atəşkəsə çağırarkən bu termindən heç vaxt istifadə etmədiyini bildirib. Avropalılar isə sonda bundan imtina etməyə razılaşıblar.
Qeyd edək ki, İstanbulda keçirilən danışıqlarda Rusiya Ukrayna ilə bağlı tələblərini səsləndirib. Xüsusilə, Moskva Ukraynanın neytral ölkə olmasını istəyir: Ukrayna torpaqlarında xarici qoşunlar və ya kütləvi qırğın silahları olmasın!
Ruslar həmçinin Ukraynadan müharibə nəticəsində dəyən zərərin ödənilməsi ilə bağlı hər hansı tələbdən qarşılıqlı imtina ilə razılaşmağı tələb ediblər.
Onu da qeyd edək ki, Ukraynanın Müdafiə naziri Rustem Umerov İstanbulda keçirilən danışıqlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında şəxsi görüşün müzakirə olunduğunu bildirib.
Geri qayıt
|