Əsas Səhifə > Güney Press > Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaqDünən, 12:53 |
Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələyə fərqli münasibət bildirib. O iddia edib ki, Azərbaycanın münaqişəni öz ərazisində bitirib, Ermənistan ərazisinə keçirməməklə bağlı onlarda əminlik yoxdur. Görünən odur ki, erməni tərəfi Minsk qrupunu özünü hansısa təhdidlərdən sığortalamaq niyyəti ilə qalmasında maraqlıdır. Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında politoloq Zaur Məmmədov bu məsələdə Azərbaycana fundamental zəmanətlərin lazım olduğunu deyib. O, sülh müqaviləsindən sonra Ermənistan daxilində və gələcəkdə digər siyasi hakimiyyətlər tərəfindən Azərbaycan ərazilərinə qarşı iddiaların baş qaldırmayacağına əminliyin formalaşmasından danışıb: “Minsk qrupu ilə bağlı Bakının tələbi qətidir. Sülh müqaviləsindən öncə rəsmi İrəvan Minsk qrupunun buraxılması ilə bağlı siyasi qərar verməlidir. Eyni zamanda Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmalıdır”. Zaur Məmmədov 2025-2026-cı illərdən başlayaraq beynəlxalq proseslər fonunda Ermənistanın ənənəvi dostlarının iştirakı ilə Cənubi Qafqazda vəziyyətin dəyişməz olmamasına diqqət çəkib: “Hazırda gedən proseslər də onu göstərir ki, Ermənistan daxilində revanşist qüvvələrin aktiv şəkildə gündəmə gətirilməsi proqnozlaşdırılır. Post-Paşinyan dövründə Azərbaycana qarşı diplomtik və hərbi müstəvidə ərazi iddialarının qaldırılması ehtimal olunur. Bu da mümkün manevr imkanlarının qarşısını ala bilər. Paşinyanın Bakının iki tələbi ilə bağlı fərqli yanaşma ortaya qoyması onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq”. Politoloq Ramiyə Məmmədova isə Paşinyanın “münaqişənin Ermənistan ərazisinə keçirmək” deyərkən onu konstitusiya ilə bağlı məsələni çox da qabartmamağı nəzərdə tutduğunu deyib. Onun fikrincə, Ermənistan daxilində gedən proseslər fonunda konstitusiya dəyişikliyi tələbi əks arqumentləri daha da gücləndirir: “Paşinyanın isə bu proseslərə qarşı durmaq üçün imkanları azalır. Ona Rusiya tərəfindən də təzyiqlər var. Erməni müxalifəti də konstitusiya dəyişikliyi məsələsini daha çox qabardır. ATƏT-in Minsk qrupundan imtina məsələsində də rəsmi İrəvan fərqli mövqe tutmağa çalışır. Bunu sülh müqaviləsi ilə eyni vaxtda həyata keçirməklə bir növ özünü guya mümkün təhdidlərdən sığortalamış hesab edir”. Ramiyə Məmmədova bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində rəsmi Bakının konstitusiya tələbini qoymamasını istəyir: “Çünki onlar bu mövzunun daha da qabardılması fonunda Ermənistan daxilində daha böyük təlatümlərin yaranmasından narahatdırlar. Rusiyaya bağlı müxalifət bu gün Paşinyana daha çox bu mövzular üzərində hücumlar qurur. O da məhz bu məsələləri bir qədər neytrallaşdırmaqla təhdidlərdan yayınmağı düşünür”. Geri qayıt |