Əsas Səhifə > Güney Press > Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır

Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır


Bu gün, 08:50


Regional lider dövlət kimi qüdrətli Azərbaycanın çoxvektorlu xarici siyasətində Macarıstanın xüsusi yeri var. Bu münasibətlər diplomatik aspekti ilə yanaşı, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, mədəni yaxınlaşma və strateji tərəfdaşlıq müstəvisində özünün parlaq təzahürünü tapır. Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində tarixi qardaşlıq bağına - türk soyuna mənsub Macarıstanla münasibətlər siyasi iradənin təcəssümü ilə yanaşı, həm də xalqların ortaq maraqlara söykənən qardaşlıq duyğularının ifadəsidir.
Təsadüfi deyil ki, Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində körpü rolunu oynayır. Bu ölkə rəsmi Bakının Brüsselə uzanan yolunda etibarlı tərəfdaş, dəstəkləyici səs və anlayışlı müttəfiq kimi çıxış edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında Macarıstanın fəal iştirakı bizim enerji təhlükəsizliyi gündəliyimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Qlobal təhdidlər və regional çağırışlar fonunda Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan əməkdaşlığı sülhə və sabitliyə xidmət edir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır. Bu münasibətlər bu gün xalqlar arasında artan qarşılıqlı simpatiya və hörmətlə möhkəmlənir. Şübhəsiz, Macarıstanın Azərbaycanın müstəqil siyasətinə verdiyi dəstək, ölkəmizə göstərdiyi dost münasibət və tərəfdaşlıq niyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin başlanğıc nöqtəsi olacaq.
Dövlətlərarası əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri bəzən diplomatik protokolların da fövqündə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad bu gün iki ölkənin strateji tərəfdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu dostluq təkcə sözlərlə deyil, real səfərlər və konkret nəticələrlə təsdiqlənir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdilər. Macarıstanın Baş naziri Viktor Orban öz çıxışında Azərbaycanla əlaqələri olduqca yüksək qiymətləndirərək əsl birlik mesajı verdi. Macarıstan lideri qeyd etdi ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur. Məhz cənab İlham Əliyev də dost və qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
İki ölkə arasında xüsusilə enerji sahəsində müsbət dinamika mövcuddur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirdi ki, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq: "Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür".
Bununla yanaşı, "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi çərçivəsində Macarıstanın olduqca müsbət təşəbbüsləri təqdirəlayiqdir. Bununla yanaşı, Macarıstanın tanınmış "MOL" şirkətlər qrupunun "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahib olması Azərbaycanın zəngin təbii ehtiyatlarına inamın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.
Yeni dövrün və zamanın tələbinə uyğun olaraq da enerji sahəsində baş verən yeniliklərə paralel Macarıstan hökumətinin "yaşıl enerji" sahəsində təşəbbüslərə verdiyi dəstək isə xüsusi qeyd olunmalıdır. 2022-ci ildə imzalanan və 2023-cü ildə icrasına start verilən "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bu sahədə yeni üfüqlər açır.
İqtisadi sahədə də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. Belə ki, 2024-cü ilin sonuna olan statistik rəqəmlər bu sahədəki inkişafın parlaq sübutudur. Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində tam 29 faiz artım qeydə alınıb. Bu, Azərbaycan məhsullarının Avropa bazarında daha geniş yer tutduğunun və Macarıstanla ticarət körpüsünün möhkəmlənməsinin rəmzidir. Əməkdaşlıq təkcə ticarətlə də məhdudlaşmır. 2023-cü ildə Macarıstandan Azərbaycana yönələn birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatıb. Bu, Macarıstanın Azərbaycan iqtisadiyyatına olan dərin marağını, eyni zamanda ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və investisiya mühitinin cəlbediciliyinə verilən yüksək qiymətdir. Azərbaycanlı investorlar da həmçinin Macarıstanda aktiv iştirakçıdır. Onlar bu ölkənin kənd təsərrüfatı, nəqliyyat və digər vacib sektorlarına yatırımlar etməklə iqtisadi tərəfdaşlığı daha da gücləndirirlər. Bu qarşılıqlı sərmayələr iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx şəkildə bağlayır, strateji dostluğun konkret nəticələrini meydana çıxarır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"


Geri qayıt