Əsas Səhifə > Güney Press > Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür

Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür


Dünən, 17:13

Ukraynanın Rusiya ilə həmsərhəd olan Sumı vilayətində 4 mindən çox insanın yaşadığı məntəqələrdə təxliyyə elan edilib.
AzVision.az Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən xəbər verir ki, ümumilikdə 202 yaşayış məntəqəsi təxliyyə olunmalıdır. Qriqorov hazırda əhalinin 60%-dən çoxunun təxliyyə zonasındakı yaşayış məntəqələrini tərk etdiyini bildirib. Belopolskaya icmasında 3000-dən bir qədər çox sakin, Vorojbyanskaya icmasında isə 835 nəfər qalıb.

Mayın 13-də təxliyənin elan edildiyi Novaya Slobodadan ikisi uşaq olmaqla 75 nəfər çıxıb. Kənddə 24-ü uşaq olmaqla 274 nəfər sakin qalıb.

“Evi tərk etmək emosional cəhətdən çətin bir qərardır. Amma qalmaq həyatını riskə atmaqdır. Təxliyyə elan edilən icmaların sakinlərini yenə də təhlükəsiz ərazilərə getmək qərarına gəlməyə çağırıram”, - Oleq Qriqorov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.Hələ mayın 5-də Ukrayna Sumı vilayətinin iki şəhərinin - Belopolye və Vorojbyanskın sakinlərinin təcili təxliyyəsini elan edib. Daha sonra Rusiya ilə sərhədə yaxın yerləşən daha iki yaşayış məntəqəsi təxliyyə zonasına daxil edilib.

Qeyd edək ki, bu arada Rusiya prezidentinin mövqeyi ilə tanış olan mənbəyə istinadən “Bloomberg” agentliyinin yazdığına görə, Putin onun qoşunlarının ilin sonuna qədər Ukraynanın müdafiəsini yararaq Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərində tam nəzarəti ələ keçirə biləcəyinə əmindir.

Geri qayıt