Əsas Səhifə > Güney Press > "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim"

"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim"


Bu gün, 16:30

Tanışının qohumunun evinə tamah məqsədi ilə daxil olaraq bıçaqla hədə gəlib əmlakını ələ keçirməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavidan Əhmədli sərbəst ifadə verməkdən imtina edib.

O bildirib ki, ifadə vermək istəmir və ibtidai istintaqa verdiyi ifadəni təstiqləyir.

Məhkəmə onun istintaqa verdiyi ifadəni elan edib.

O ifadəsində bildirib ki, 14 sentyabr 2024-cü il gecə saatlarında tamah məqsədi ilə Solmaz Mirzəyevanın evinə daxil olub:

“İçkili idim. Evə daxil oldum. Pul tələb etdim. Qışqırmaması üçün azğını tutdum. Bıçağı göstərdim. Dedim ki, sakit qalacağı və dediklərini edəcəyi təqdirdə ona heç nə etməyəcəm. Sonra qızıl və pul gətirməsini istədim. O 1900 dollar, 3000 manat pul gətirdi. Mən yenə nəsə gətirməsini istədim. O qızıl və 250 manat pul gətirdi. Mən onun mobil telefonunu götürdüm və evdən çıxdım. Qapının bağaladım və açarı elə qapının üstündə saxladım. Heç kimə məlumat verməsin deyə telefonu götürdüyüm üçün elə qapının yanında da telefonu qoydum. Ordan çıxandan sonra Südabənin yanına gəldim. Evə getdik. Ona 900 dollar, qızılları verdim. Mən iki işdə işləyirəm deyə Südabə bu qədər puldan şübhələnmədi. Əməlimdən peşmanam”.

Məlum olub ki, Cavidan Əhmədli 1000 dollar və 500 manatı borclarına, qalan vəsaiti isə xərcləyib.

Zərərçəkən Solmaz Mirzəyeva bildirib ki, hadisəni törədən şəxsi tanımasa da, adı keçən yaxın qohumu Südabəni tanıyır.

Solmaz Mirzəyeva ötən prosesdə məhkəməyə verdiyi vəsatətində bildirmişdi ki, Cavidan Əhmədli sadəcə işin icraçısıdır:

“ İşin təşkilatçısı mənim mənim yaxın qohumum Südabədir. O bizə gəlib-gedən adamdır. Mənim tək yaşadığımı, təqaüd aldığımı və özümə görə qızıl-zinət əşyaları olduğunu bilirdi. Evə kimi gətirib, amma özü çöldə qalıb. İçəri girməyib. Mən məhkəmədən işin yenidən araşdırılması üçün ibtidai istintaqa geri qaytarılmasını istəyirəm”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş şəxsin oğlu Aqşin Mirzəyev ifadə verib.

O, bildirib ki, hadisə barədə anası ona məlumat verib:

“Anam mənə zəng vurub hadisəni dedi. Sonra dedi ki, həmin şəxsi heç vaxt görməyib. Hadisəni törədənin kənd sakini olmadığını bildirdi”.

Aqşin Mirzəyev istintaqa verdiyi ifadəni təstiq edib.

Südabə Vəliyeva məhkəməyə çağırılsa da, o, buna rəğmən məhkəməyə gəlməyib.

Daha sonra məhkəmə Südabə Vəliyevanın məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası 26 iyunda keçiriləcəkdir.

Qeyd edək ki, hadisə ötən ilin 14 sentyabrında gecə saatlarında baş verib. Təqsirləndirilən Cavidan Əhmədliyə Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.


Geri qayıt