
Quba rayonunun Dalıqaya kənd sakini Alim İsimxanov yaşadığı evi itirmək üzrədir.
Bizim.Media-ya müraciət edən sakin bildirir ki, evlərində özü da daxil olmaqla 4 ailə üzvü yaşayır. Alim İsimxanovun sözlərinə görə yaşadıqları 3 otaqlı ev 2013-cü ildən sürüşməyə meyillidir. Həmin ildən yavaş -yavaş otaqların biri qəzalı vəziyyətə düşüb. Son təbii fəlakət isə evlərini tam bərbad hala salıb:
"Aprelin 17-də kəndə 1 metrdən çox qar yağdı. Qəzalı otağımızda təkrar sürüşmə oldu. Otağın içərisinə su dolmağa başladı, boşaltdıq. Avadanlığımızı digər otağa yığdıq. İndi 4 nəfər salamat olan diğər otağa yığışmışıq.
Dalıqaya kənd sakini bildirir ki, qəzalı evləri ilə əlaqədar dəfələrlə rayonun əlaqədar təşkilatlarına, yerli icra hakimiyyətinə şikayət etsələr də, gəlib baxan, tədbir görən yoxdur .
Şikayətçi qeyd edib ki, evləri sürüşmə zolağında yerləşir, belə getsə sürüşmənin miqyası genişlənəcək və digər 2 otaqlar da qəzalı vəziyyətə düşəcək.
Quba FHK-nın sədri ,icra başçısının 1-ci müavini Tariyel İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, rayonda baş vermiş son təbii fəlakətdən sonra FHN-nin komissiyası iki həftədən çoxdur rayonda araşdırma aparırdı:
“Bütün fəsadların olduğu yerlərə baxış keçirilib, aktlaşdırılıb. Qəzalı evlərin bərpa işlərini onlar həyata keçirəcək. Biz rayon komissiyası da öz məlumatımızı hökümətə təqdim eləmişik. Həmin vətəndaşın evi də siyahıya alınıbsa, təmir ediləcək”, deyə o, qeyd edib.

Geri qayıt
|