Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > “Pezeşkianın ən böyük xidməti İranda Azərbaycan faktorunun açıq şəkildə meydana çıxmasıdır...”
“Pezeşkianın ən böyük xidməti İranda Azərbaycan faktorunun açıq şəkildə meydana çıxmasıdır...”30-04-2025, 05:53 |
![]() İranın ilk Azərbaycan türkü olan prezidenti cənab Məsud Pezeşkian Azərbaycana ilk və çox əhəmiyyətli səfərində ana dilimizdə güneyli dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” poemasından parçalar söyləsə də, Azərbaycan prezidenti və hökumət üzvləri ilə ümumən rəsmi danışıqları fars dilində apardı. Halbuki, o öz seçkiqabağı çıxışlarında öz evində belə, Azərbaycan türkcəsində danışdığını bildirirdi... Bəs görəsən, dövlət dili fars dili olan bir ölkənin azərbaycanlı prezidentinin Azərbaycanda öz ana dilində danışmamasını təəssüf hissi ilə qarşılamaq siyasi baxımdan nə dərəcədə doğru olar?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib: “Əlbəttə, biz hamımız bir azərbaycanlı, Azərbaycan vətəndaşı olaraq istərdik ki, İranın ilk azərbaycanlı prezidenti Məsud Pezeşkian öz evində olduğu kimi, Bakıya ilk səfəri zamanı da bütün rəsmi görüşlərdə Azərbaycan dilində danışsın. Ancaq təəssüf ki, İranın dövlət dili fars dilidir və Pezeşkianın buradakı bütün hərəkətlərini diqqətlə izləyirlər... Biz onu da bilməliyik ki, mövcud reallığın əksinə olaraq maksimalistlik nümayiş etdirəndə nəticə olmur. Təsəvvür etmək lazımdır ki, Tehrandan Pezeşkianın Bakıdakı hər bir davranışını, onun zalda, çoxsaylı insanların qarşısında Azərbaycan türkcəsində şeir söyləməsini və bunun alqışlarla qarşılanmasını necə izləyirlər. Həmçinin Azərbaycan prezidenti ilə görüşdə xüsusi münasibət nümayiş etdirməsini qısqanırlar. Bir detalı da sizə deyim ki, Azərbaycan prezidentini çıxışı zamanı İran nümayəndə heyəti üzvlərinin əksəriyyətinin qulağında qulaqcıq var idi, ancaq Pezeşkianın qulağında yox idi. İran prezidenti sanki bununla da onu göstərmək istəyirdi ki, Azərbaycan türkcəsi mənim doğma, ana dilimdir və mən o dildə danışılanları qulaqcıqla - tərcümə ilə dinləmək istəmirəm... Dediyim kimi, biz İran rəhbərliyindəki mürtəce, şovinist qüvvələrin bütün bu detalları, xüsusən də cənab Pezeşkianın özünü Azərbaycanda bu ölkənin bir sakini kimi aparmasını izləyərək necə qıcıqlandıqlarını, həmçinin Ermənistandakı revanşist dairələrin buna necə reaksiya verdiklərini və öz iyrənc münasibətlərini rəsmi Tehrana necə çatdırdıqlarını da düşünməliyik... Amma bütün bunlarla belə, yenə də Pezeşkiandan bir azərbaycanlı rəhbər şəxs olaraq gözləntilərimiz var. Təbii ki, bu, prosesin başlanğıcıdır və müsbət çalarlı proseslər getdikcə davam edəcəkdir. Hər halda keçid dövrü üçün çox şey tələb etmək doğru deyil. Əsas məsələ odur ki, İranda Azərbaycan faktoru açıq şəkildə ortadadır. Pezeşkianın ən böyük xidməti də məhz budur... Doğrudur, mən də cənab Pezeşkianın bəzi açıqlamalarından narazı qaldım. Məsələn, deyir ki, İran azərbaycanlıların ikinci vətənidir. Bununla sanki bəzi məsələlərə işarə edir. Təbii ki, biz Azərbaycan vətəndaşıyıq, “İran” deyilən ərazi isə əsrlər boyu Azərbaycan dövləti olubdur. Farslar isə cəmi 100 il bundan öncə müəyyən beynəlxalq proseslərdən istifadə edərək və bəzi dünya güclərinə arxalanaraq hakimiyyətə yiyələnib dövləti öz adlarına çıxaraq bu ölkəyə “İran” adı qoyublar. Məsələnin mahiyyəti budur. Odur ki, Pezeşkian da rəsmi fars siyasətinə uyğun ifadələr işlətməyə bir növ məcburdur... Bundan əlavə, azərbaycanlı İran prezidenti belə bir fikir də işlədib ki, “Azərbaycanla İran bir bədənin üzvləridir”. Bu da yanlış bir ifadədir. Biz quzeydəki Azərbaycan dövləti olaraq müstəqil bir bədənik, müstəqil bir orqanizmayıq və heç kəsin də bir hissəsi deyilik. Sözsüz ki, İranda prezident olan soydaşımız müəyyən məsələlərdən ehtiyat edir və ənənəvi mövqelərdən geri çəkilə bilmir... Bütün bunlarla belə, xeyli dəyişiklik var. Və bunlar da dediyim kimi, İranda Azərbaycan faktorunun yüksəlməsinin nəticəsidir. 3-4 il bundan öncə bəziləri radikal şəkildə Güney Azərbaycanı Azərbaycan Respublikasına birləşdirməyi təklif edəndə mən belə bir mövqedən çıxış edirdim ki, İran Azərbaycan dövlətidir və sadəcə onun 100 il bundan öncə aradan qaldırılmış Azərbaycan mahiyyətini özünə qaytarmaq lazımdır. O zaman əks mövqedə olanlar mənə qarşı hücuma keçirdilər. Buna rəğmən mən öz mövqeyimdə qalmışam və onu belə də təbliğ etmişəm. Və hesab edirəm ki, artıq bu gün o öz yerini almaqdadır. Yəni İran doğrudan da Azərbaycan mahiyyətinə qayıdır. Pezeşkianın seçilməsi təsadüfi deyil. Prezident seçkilərində ona səs verən insanlar artıq bir növ yalnız bir azərbaycanlı namizədə yox, Azərbaycana, Azərbaycan dilinə səs verirdilər. Və İrandakı soydaşlarımız məhz Azərbaycan türkü olduğuna görə Pezeşkiana səs veriblər. Deməli, artıq orada milli hisslər oyanmaqda və özünü açıq şəkildə ortaya qoymaqdadır. Yaxşı bir proses başlayıb və çalışmaq lazımdır ki, həmin prosesə biz də kömək edək. Yersiz, gərəksiz, qərəzli şüarlarla o prosesi pozmasınlar. Kimlərsə bu gün daha artıq şey tələb edir və Pezeşkianı da nədəsə ittiham edirlərsə, qeyri-iradi fars rejiminin xəttinə xidmət edirlər. Bunu həm buradakı, həm İrandakı soydaşlarımız anlamalıdırlar. Elə etmək lazımdır ki, Bakıdan, yaxud Təbrizdən olan reaksiyalar Pezeşkianın Tehrandakı işinə mane olmasın. O öz işini bilir... Bir sözlə, bir çox problemlərdə olduğu kimi, bu məsələdə də şüarçılıqdan qaçmaq lazımdır. Kimlərinsə özlərini göstərmək üçün şüarçılıq etməyi bütün işi, prosesi poza bilər...” Geri qayıt |