Əsas Səhifə > Güney Press / Ana xəbər > Elşad İsgəndərovun yerinə dini komitəyə kimi gətirirlər?

Elşad İsgəndərovun yerinə dini komitəyə kimi gətirirlər?


3-05-2014, 13:09
Elşad İsgəndərovun yerinə dini komitəyə kimi gətirirlər?
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov prezidentin sərəncamına əsasən, vəzifəsindən azad edildi. 2012-ci ilin 31 mayından bu vəzifəni icra edən İskəndərovun postdan getməsinin əsas səbəbi kimi nurçuluq cərəyanı ilə əlaqəsi göstərilir.

Hazırda müzakirə edilən əsas məsələlərdən biri isə komitəyə yeni təyin ediləcək sədrin kimliyidir.

Mövzunu Hafta.az-a şərh edən ilahiyyatçı Elşad Miri adaşının vəzifədən getdiyinə təəccübləndiyini bildirib:

“Əleyhinə nə qədər yazılar yazılsa da, işdən bu qədər tezliklə çıxaralıcağını gözləmirdim. Sadəcə QMİ ilə birgə çıxartdıqları vəhhabilik cərəyanı kitabını onlara yaraşdırmadım. Dini Məsələlərlə İş üzrə Dövlət Komitəsi müəyyən məzhəblərlə yaxınlığını biruzə verməməliydi. Əksinə, bütün camaatı qucaqlayan, bir qurum və rəhbər olmalıydı. Onun gənc, enerjili olduğuna görə mən bu addımları gözləyirdim. Amma bunlar heç biri özünü doğrultmadı”.

“Komitəyə konkret olaraq kimin gətiriləcəyini düşünürsüz?” sualını ekspert belə cavablandırıb:

“Ümidim odur ki, heç olmasa ora dini bilən, insanların rəğbət bəslədiyi bir şəxsi gətirəcəklər. Belə xırda intriqalarla vaxtını keçirməyin əvəzinə dindarlar arasında mövcud olan inamsızlığı aradan qaldırsın, Azərbaycanda Suriyaya gedənlərlə bağlı problemi həll etsin, nurçuluqla bağlı tutarlı açıqlamalar versin . Ad deyə bilmərəm, çünki dövlət rəhbərliyi bizi çox sürprizlərlə qarşılaşdırır. Bu günə qədər oranın sədri olmuş ilk sədrindən başqa, Hidayət Orucovun, Elşad İskəndərovun dinlə bağlı nə savadları var idi, nə də çıxışlarda dindarlarda müəyyən rəğbət yarada bilirdilər. Bircə Rafiq Əliyev idi ki, İslam Araşdırmaları Mərkəzindən gəlmişdi, şərqşünas idi. Əfsuslar olsun ki, mən belə namizəd tanımıram. Bəlkə ölkə rəhbəri bilir, vəzifəyə qoyacaqlar, biz də onların bu xeyirli işləri ilə fəxr edəcəyik”.

Məlumat üçün deyək ki, mətbuatda yayılan bəzi məlumatlara görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrliyinə Səyyad Aran gətirilir. Adıçəkilən şəxs özü isə bu məlumatı nə təsdiq nə də inkar edib.

Hazırda Səyyad Aran komitə sədrinin birinci müavini və millət vəkili kimi fəaliyyət göstərir.

Geri qayıt