Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > "20-30 ildir deputat nişanı taxırlar"
"20-30 ildir deputat nişanı taxırlar"27-04-2025, 00:16 |
![]() Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin majoritar və proporsional seçki sistemi ilə bağlı sözləri müzakirələrə səbəb olub. Bəzi partiya funksionerləri komitə rəhbərinin açıqlaması ilə razılaşmayıblar. Qeyd edək ki, Əli Hüseynli majoritar seçki sisteminin seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaratdığını deyib. O bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi. AMİP Siyasi Şurasının üzvü Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunarkən parlamentə seçkilər qarışıq seçki sistemi ilə nəzərdə tutulmuşdu. Siyasi şərhçi vurğulayıb ki, 2002-ci ildə Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı keçirilən referendumda həmin sistemin aradan qaldırılması və mojaritar seçki sisteminin tətbiqi qərarlaşdırıldı: "Referendumadək parlament seçkiləri qarışıq sistem əsasında keçirildi. Yəni 125 deputat yerindən 100 deputat təkmandatlı dairələrdən mojaritar qaydada, 25 deputat isə proporsional qaydada seçildi. Əgər təhlillər aparılarsa, hər seçki sisteminin müsbət və mənfi tərəfləri üzə çıxar. Ancaq hazırda dünyanın 80 ölkəsində seçkilər proporsional, 20 ölkəsində isə qarışıq seçki sistemində keçirilir. Dünyanın əsas inkişaf etmiş ölkələri proporsional seçkilərlə parlamentlərini formalaşdırır. Qonşularımız - Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə proporsional seçki sisteminə üstünlük verir. Deməli, proporsional seçki sistemi daha mütərəqqi və ədalətli sayılır ki, bu seçki sistemi geniş yayılıb, böyük arealda tətbiq edilir. Ona görə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin səsləndirdiyi fikirləri bölüşmürəm. Onun sözlərindən belə çıxır ki, proporsional qaydada seçilən deputat seçiciləri ilə əlaqə və məsuliyyət yarada bilmir. Əgər belədirsə, dünyanın 100 dövləti öz seçki sistemini proporsionalla deyil, mojaritar əsaslarla keçirərdi. Yaxud kimsə bir neçə dəfə seçiləcəksə, bunu yenə də xalq seçəcək. Parlamentdə elə deputatlar var ki, əksər çağırışlarda onlara mandat verilib, 20-30 ildir deputat nişanı taxırlar". Ə.Oruclunun fikrincə, proporsional seçki sistemi o səbəbdən yığışdırıldı ki, partiyaların ictimai-siyasi həyata rolu azalsın: "Partiya daxilində və partiyalar arasında rəqabət yoxa çıxdı. Partiyaların gücünün və nüfuzunun barometri seçkilərdə qazandığı səsləridir. Bu, həm də həmin partiyaların yaşama və ayaqda qalma şansının təbii üsulla müəyyən edilməsidir. Kollektiv idarəetmənin, fikir plüralizminin inkişaf etdirilməsi baxımından da proporsional seçki sistemi əvəzsiz vasitədir. Milli Məclisin siyasi palitrasına baxsanız, aydın görərsiniz ki, keyfiyyət və rentabellilik, təşəbbüskarlıq sıfıra yaxındır. Partiyaların gələcək taleyi və inkişafı parlamentə düşən rəhbərlərindən, sədrlərindən birbaşa asılı haldadır. Həmin sədr də bunu anladığından rəhbərlik etdiyi partiyanı təkbaşına idarə etməyə və öz şəxsi maraqlarına xidmətə kökləməyə meyillənir. Partiya daxilində avtoritar mühit yaradılır. Partiyadaxili fikir müxtəlifliyi və rəqabət tədricən boğulur. Sosial sorğu aparılsa, aydın olar ki, bəzi deputatlar seçiciləri üçün əlçatmazdır və seçicilərinə, yaxud mandat aldığı dairəyə yaddır. Neçə deputat deyə bilər ki, nə qədər seçicisinin problemini həll edə bilib? Əksər hallarda keçirilən görüşlər də formal və hesabat xarakterlidir. Çünki Azərbaycanda siyasi sistem elə formalaşdırılıb ki, seçki institutları və seçkilər əhəmiyyətli rola malik deyil. Deputat hansısa icra qurumuna sorğu göndərməklə işini bitmiş sayır və seçicisinə kömək etdiyini düşünür. Deputat ondan artığını istəsə belə, etmək gücündə və səlahiyyətində deyil". AMİP rəsmisi qeyd edib ki, 1995-ci il parlamentində ciddi rəqabət və mübarizə var idi: "Müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı iqtidar-müxalifət arasında ciddi müzakirələr aparılırdı. Parlament qanunverici hakimiyyət qolu olsa da, siyasi institudur və siyasi mübarizə meydanıdır. İnkişaf etmiş ölkələrdə partiyalar siyasi mübarizəni küçələrdə deyil, məhz parlamentdə aparırlar. Türkiyə parlamentində hakim partiyadan başqa 6 böyük deputat qrupu var, hələ kiçik qrupları nəzərə almıram. Rusiyanın Dövlət Dümasında bir neçə partiyanı özündə birləşdirən 3 böyük və güclü fraksiya var. Gürcüstanda da onun kimi. Doğrudur, son parlament seçkilərində müxalifət parlamenti boykot etdi. Azərbaycan Konstitusiyasında fraksiya yaratmaq üçün 25 deputatın olması tələb olunur. Hazırkı tərkibdə özünü müxalifət sayan partiyaların təmsilçilərini də hesablasaq, heç 20 deputat etmir". Analitik qeyd edib ki, deputatın vəzifəsi seçicilərin problemləri ilə fərdi qaydada məşğul olmaq yox, həmin problemləri yaradan səbəbləri aradan qaldırmaqdan ibarət olmalıdır: "Seçicini 5 dəqiqə dinləyib yola salmaq məsuliyyətli olmaq demək deyil. Məsuliyyət xalqdan mandatını alıb xalqa keyfiyyətli xidmət göstərmək, onun səsini və iradəsini yüksək tribunada ifadə etməkdir". Geri qayıt |