Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq

Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq


2-05-2014, 16:18
Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq
İllərdir ki, taksi sürücüləri ilə Nəqliyyat Departamentinin işçiləri arasındakı narazılıq səngimək bilmir.

Müxtəlif zəmində baş vermiş hadisələrdə taksi sürücüləri departament işçilərindən, departament işçilərisə, taksi sürücülərindən şikayət edirlər.

Bu dəfə baş verən olay isə tamam fərqlidir. Belə ki, bugün səhər saatlarında redaksiyamıza zəng daxil oldu. Şikayətçi qismində zəng vuran taksi sürücüsü Fərid İsgəndərov Nəqliyyat Departamentinin işçilərinin onun maşının açarını oğurladıqlarını bildirdi.

Dərhal hadisə yerinə yollandıq. Qara Qarayev prospektində taksi fəaliyyəti ilə məşğul olan F.İsgəndərov bizi qarşılayaraq, hadisənin təfərrüatlarından danışdı:

“Yoldaşlarla aşağı dükana getmişdik. Gələndə gördüm ki, artıq gecdir, departamentin işçiləri qapını açıb, maşınımı içində oturublar. Soruşdular ki, “Aylıq ödənişi etmisən?”. Dedim, “Yox”... Maşınımın açarını cibinə qoyub, getdi. Belə iş olar? Sabahsı gün maşınım oğurlansa, nə edəcəm? Cəzam var, qardaş, yaz cəriməmi get də... Onlar kimdir ki, maşınımın açarını götürür?”

Hələ belə bir halla üzləşmədiklərini deyən həmkarları da F.İsgəndərovun yanına toplanmışdı. Hər ay qeyri-leqal formada departament işçilərinə 60 manat ödəniş etdiklərini bildirən taksi sürücüləri bu məbləğin hədsiz çox olduğunu dedilər.

Məhz kimin maşının açarını götürdüyünü xəbər aldıqda isə dedilər ki, Elvin adlı departament işçisi bu əraziyə baxır. Maşının açarlarını da onun yanındakı şəxslər götürüb:

“Əvvəllər mən pulu Vasifə verirdim. O, işdən çıxandan sonra Elvinə veririk, pulları... İndi imkanım yoxdur deyə, pulu gecikdirmişdim. Onlar da belə etdilər” - deyən, F.İsgəndərov hadisədən sonra polisə müraciət etmək istədiyini də bildirdi.

Dəfələrlə bu cür hadisələr zamanı “102 xidməti”nə zəng vurduğunu, lakin heç bir nəticəsinin olmadığını söyləyən zərərçəkən bu dəfə də nəticə gözləmədiyini təəssüflə qeyd etdi.

F.İsgəndərov departament işçilərinin “Chevrolet Niva” markalı avtomobil idarə etdiklərini, lakin seriya nömrəsini heç kəsin xatırlamadığını dedi.

Sözegedən ərazidə təxminən 5-6 ildir ki, taksi fəaliyyəti ilə məşğul Firdovsi Vəliyev də dəfələrlə Nəqliyyat Departamenti işçilərinin bu cür davranışlarından əziyyət çəkdiyini söylədi:

Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq
Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq

“Vallah bir də görürsən ki, girdilər maşının içindən sənədlərini götürüb, çıxıb getdilər. Qalırsan, belə… Məcbursan gedib, 130 manat cərimə ödəyəsən, üstəlik 60 manat da yeni aylığın puluni... Məsələ ondadır ki, heç adama qəbz, sənəd də vermirlər. Dəfələrlə belə işlər olur. Amma maşının açarını götürmələrini birinci dəfədir ki, görürəm”.

Həmkarının sözünü təsdiq edən Telman bəy də bir müddət öncə belə hadisə ilə üzləşdiyini dedi:

“Aylıq ödənişi 3-4 gün gecikdirmişdim deyə özbaşına sənədlərimi aparıb, getdilər. Nə sürücülük vəsiqəm, nə də texpasport hazırda məndə deyil. Məcburam gedim cərimə ödəyim. Ona da pulum yoxdur. Bir dəfə departamentin işçiləri mənə hücum da etmişdi. Birdəfəyə 5-6 nəfər tökülür üstünə, qalırsan arada... Nə istəyirlər, onu da edirlər. Yol polisi işçiləri bunların yanında toya getməlidir”.

“MG 350” markalı avtomobilin sürücüsü olan F.İsgəndərov bundan sonra daha bu sənətdə də işləməyəcəyini, ümumiyyətlə ölkədən çıxıb, getmək istədiyini də dedi.

Geri qayıt