Əsas Səhifə > Güney Press / Ana xəbər > Banklarımızdan jurnalist və polislərə şok qadağa tətbiq olunur

Banklarımızdan jurnalist və polislərə şok qadağa tətbiq olunur


1-05-2014, 13:59
Banklarımızdan jurnalist və polislərə şok qadağa tətbiq olunur
Azərbaycanda jurnalist və polislərə kreditlə avtomobil verilməsi qadağandır. Yox , bu qadağa dövlət tərəfindən hansısa bir qanunla tənzimlənməyib. Bu qadağa vətəndaşlara avtomobil almaq üçün kredit verən hansısa "Ansar" adlı lizinq şirkətinin qoyduğu qadağadır. Və bu qadağa Azərbaycan Respublikası Konsitutsiyasının 25-ci maddəsini (vətəndaşların bərabərlik hüququnu) pozur. Azərbaycan Konsitutsiyasının pozulması məsələsinə sonra qayıdacağıq , amma hələlik avtomobil almaq istəyən əməkdaşımızın başına gələnlərdən yazaq.


Bir neçə gün öncə, Avropa.info-nun əməkdaşı kreditlə maşın almaq üçün , Həsənbəy Zərdabi küçəsində yerləşən, "Kia" avtomobillərinin satış mərkəzinə gedir. "Kia" satış mərkəzindən əməkdaşımızın bütün sənədlərinin qaydasında olduğu və ilkin olaraq 15 faiz ödəməklə avtomobil satmağa razı olduqlarını bildirirlər. Lakin 2 gün sonra, əməkdaşımıza telefon açan "Kia" şirkətinin nümayəndəsi kredit verən, "Ansar" lizinq şirkətinin əməkdaşımıza kredit verməkdən imtina etdiyini bildirir. Sənədlərdə hansısa problemin olub-olmadığını soruşduqda, şirkət nümayəndəsi hər şeyin qaydasında olduğunu, sadəcə "Ansar" lizinq şirkətinin 20 faiz ilkin ödəniş istədiyini bildirir. Halbuki, "Ansar" adlı şirkətin reklamlarında ilkin ödəniş faizləri 10-dan 20-yə kimi göstərilib.

Avropa.info-nun əməkdaşı məsələnin mahiyyətini öyrənmək üçün araşdırmaya başlayır. Yenidən "Kia" satış mərkəzinə gedən əməkdaşımız Avropa.info-nun Avropa Press MMC-nin nəzdində fəaliyyət göstərdiyini , dövlətə vergi ödədiyimizi, bankların avtomobil almaq üçün kredit verdiyi dönəmlərdə saytın başqa bir əməkdaşının "Ansar" lizinqə təqdim olunan sənədlə avtomobil aldığını bildirir. "Kia" satış mərkəzinin bir neçə əməkdaşı adı çəkilən lizinq şirkəti ilə əlaqə saxlayaraq , problemin nədən ibarət olduğunu soruşur. "Ansar" Lizinqdən gələn sonuncu cavab isə , hamını heyrətləndirir. Şirkətdən gələn cavab Azərbaycan Konsitutsiyasını pozsa da, NETDİR. "Biz polislərə və jurnalistlərə avtomobil almaq üçün kredit vermirik."

Problem burasındadır ki, hazırda avtomobillərin kretidə alınması sahəsindəki bütün fəaliyyət demək olar ki, "Ansar" şirkətinin inhisarındadır. Bu o deməkdir ki, yaxın gələcəkdə jurnalist və polislər avtomobilsiz qala bilərlər.

Doğrudur , biz sələm verməni və sələm almanı təqdir etmirik. Nəinki təqdir etmirik, hətta bunun bir günah olduğunu da qeyd edirik. Amma , bir haldakı sən digər vətəndaşlara kredit verirsən, onda nədən polislərə və jurnalistlərə yox ? Yoxsa , "Ansar" lizinq jurnalist və polislərin günahdan uzaq olmasını istəyir ? Təbii ki, belə düşünmək sadəlövlük olardı.

Qayıdaq Konsitutsiya məsələsinə...

Azərbaycan Respublikası Konsitutsiyasının 25-ci maddəsində hamının hüquqlarının bərabər olduğu , insan və vətəndaşların hüquqlarının sosial mənsubiyyətinə görə, məhdudlaşdırılmasının qadağan olduğu bildirilir. Dövlət hüquqların məhdudlaşdırılmasını qadağan edir, hansısa , bəlkə də Azərbaycanın müstəqilliyində zərrə qədər rolu olmayan oliqarxın sələmçi "Ansar " lizinqi jurnalist və polislərin hüquqlarını məhdudlaşdırır. Amma bu belə bitməyəcək , Avropa.info araşdırmalarını davam etdirir.

Geri qayıt