Əsas Səhifə > Güney Press / Ana xəbər > Məcburi köçkün ailəsi metropolitenin deposunda məskunlaşıb
Məcburi köçkün ailəsi metropolitenin deposunda məskunlaşıb29-04-2014, 09:02 |
![]() Səbinə Məmmədova artıq bir neçə ildir ki, Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən metropolitenin deposunda məskunlaşıb. İçəri daxil olan zaman olduqca darisqal otağı görəndə burada 3 nəfərin bir yerdə qalmasına təəccüb və təəssüf etdik. Amma Səbinə xanım 18 və 16 yaşlı övladları ilə illərdir ki, bu nəmişlikdən divarları kif bağlayan otaqda yaşamağa məcbur olub. Rütubət Səbinə xanımın və onun oğlunun sağlamlığını da əlindən alib. Zəngilan rayonunun Ağbənd kəndindən məcbur köçkün düşən müsahibim deyir ki, səhhəti işləməyə imkan vermədiyindən bir işin qulpundan yapışa bilmir. Qohumları və qonşularının ümidinə qalan Səbinə xanımın övladı kollecə daxil olub. Amma imkansızlıq səbəbindən övladının təhsili də yarımçıq qalıb. Evin darısqal olması bir yana qalsın, döşəmənin də qopub tökülməsi səbəbindən evdə siçovulların var-gəl etdiyini deyən Səbinə xanım çətin yaşayışı barədə dəfələrlə müvafiq orqanlara müraciət etsə də, onun şikayətinə baxan olmayıb. Evlə təmin olunması üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edib. Amma hələ ki, bir nəticəsi olmayıb. Ünvanlı sosial yardım almaq üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciət də cavabsız qalıb. Şikayətçi Səbinə Məmmədova, dərmanını çətinliklə aldığını deyir: “Mən indi də xəstəyəm, həkimə getmişəm, müalicə yazıb. Amma dərmanlarımı ala bilmirəm, imkanIm yoxdur, soyuducuya baxsanız boşdur”. Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxladıq. Problemi nazirliyin əməkdaşlarına çatdırdıq. Nazirliyin dövlət sosial təminat xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayev sakinin şikayətilə maraqlandıqdan sonra bildirdi ki, xanım ünvanlı sosial yardım ala bilmək üçün işlədiyi yerdən arayış gətirməlidir. Yox əgər işləmirsə, o zaman məşğulluq idarəsinə işlə təmin olunması üçün müraciət etməlidir. İşlə təmin olunduqdan sonra aldığı məvacib barəsində məlumatı nazirliyə təqdim edəcək və onun aldığı məvacibə əsasən şikayətçiyə ünvanlı sosial yardım təyin ediləcək. Yox əgər şikayətçi əmək qabiliyyətli deyilsə, o zaman tibbi sosial ekspert komissiyasina müraciət etməlidir. Onun əmək qabiliyyətinin olmamasi təsdiqləndikdən sonra şikayətçiyə ünvanlı sosial yardım verilə bilər. Səbinə xanıma ev verilməsi məsələsinə gəldikdə isə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövtəl Komitəsindən bildirdilər ki, məcburi Köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir. Bu ailələrdən ağır şəraitdə yaşayanların özlərinə də mərhələlilik prinsipi şamil edilir. Qaldı ki, Məmmədovlar ailəsinin evlə təminatı məsələsinə, növbə çatanda bu problem də həllini tapacaq. Geri qayıt |