Əsas Səhifə > Güney Press > Vardanyan susqunluq "şou"ları:

Vardanyan susqunluq "şou"ları:


Bu gün, 10:52
Vardanyan susqunluq "şou"ları:
Xəbər verdiyimiz kimi, ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib. R.Vardanyan özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib. Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib. Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib. Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb. Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb. Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.as"a deyib ki, tarixə qovuşmuş qondarma “dqr”ın keçmiş "dövlət naziri" Ruben Vardanyanın Bakı məhkəməsində ifadə verməkdən müxtəlif bəhanələrlə imtina etməsi növbəti erməni hiyləgərliyindən başqa bir şey deyil. Ekspertin fikrincə, Vardanyan məhkəmə zamanı susmaq taktikasına əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır:

"Lakin bu cür ucuz üsulların və cəhdlərin hamısı, əslində, Vardanyanın öz-özünü aldatmasından başqa bir şey deyil. O, xam xəyallar qurmaqla məşğuldur. Onun ağaları və ya məsləhətçiləri ona uğursuz və səmərəsiz məsləhətlər verirlər. Vardanyan bu cür aclıq və susqunluq "şou"ları ilə heç nəyə nail ola bilməz. Onun ədalət məhkəməsi qarşısında cavab verməkdən və məsuliyyətdən yaxa qurtarması qeyri-mümkündür. Vardanyanın ittiham olunduğu çoxlu sayda cinayət əməllərini sübut edən danılmaz faktlar var. Bu adamın adı Azərbaycan ərazisində separatçılıq və terrorçuluq fəaliyyətlərinin həyata keçirilməsində təqsirləndirilən şəxslərin siyahısında lap başda gəlir. Belə bir şəxsin hansısa "şou"larla, hoqqabazlıqlarla cinayət məsuliyyətindən yaxa qurtarması mümkünsüzdür".

Ə.Hüseynov əlavə edib ki, məhkəmə iclasında susmaq, ifadə verməmək onun qanuni haqqıdır. Lakin Vardanyan məhkəmədə ifadə verməməklə nəyəsə nail olacağına ümid bəsləməklə ciddi şəkildə yanılır:
"O, özünü məzlum görkəminə salıb məhkəmədə ifadə verməsə də belə, ərazi bütövlüyümüzə qarşı addımlar atdığına görə, Azərbaycan xalqına və dövlətinə qarşı separatçılıq və terrorçuluğu təşviq etdiyinə, maliyyələşdirdiyinə görə qanun qarşısında cavab verməli olacaq. Bu cür ağır cinayətlərdə adı keçən bir şəxsi nə hiyləgər "şou"lar, nədəki onun "beynəlxalq ictimaiyyət" adı altında gizlənən havadarları xilas edə bilər. Vardanyan kimi separatçı cinayətkarlarla bağlı son sözü Azərbaycan məhkəməsi deyəcək".

Geri qayıt