Əsas Səhifə > Güney Press > TRAMP...

TRAMP...


Bu gün, 15:39
TRAMP...
Zelenskini “diktator” adlandıran və legitimliyini sual altına qoyan Trampın fikrini dəyişməsi, “Zelenskini diktator adlandımışam? Bunu dediyimə inana bilmirəm” sözləri ilə özünü gülüş hədəfinə çevirməsi qeyri-ciddiliyindən yox, istəklərinə nail olmasından qaynaqlanır. Bu gün Ağ Evdə Ukrayna prezidenti ilə görüşəcək ABŞ prezidenti nəhayət mineral ehtiyatlar üzrə sazişi imzalamağa hazırlaşır.
Əvvəlcə sazişdən imtina edən Ukrayna indi bunu daha “məqbul” hesab edir. Lakin Kiyevin razılaşması mövqeyinin nəzərə alınmasından daha çox, Vaşinqtonun təhdidlərindən qaynaqlanır. Trampın “diktator” dediyi Zelenskiyə ünvanladığı sərt ittihamlar fonunda bu aydın görünürdü. İmzalanacaq sazişin mətnində ciddi dəyişiklik nəzərə çarpmır. Mediaya sızan məlumatlardan aydın olur ki, İnvestisiya Fondu yaradılacaq, Ukraynaya məxsus strateji əhəmiyyətli faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivlərindən (təbii qaz terminalları, dəniz limanları və s.) əldə olunan gəlirlərin 50 faizi bura köçürüləcək. Sazişin Ukrayna üçün mənfi və müsbət tərəfləri var.
Mənfi tərəfləri gəlirlərin yarısının ABŞ-la bölüşdürülməsi ilə yanaşı, sazişdə təhlükəsizlik təminatı üzrə heç bir qeydin-öhdəliyin olmamasıdır.
Müsbət tərəflərini, o qədər də cəlbedici olmasa belə, Ukraynanın mövcud vəziyyəti fonunda dəyərləndirmək olar:
- Fonda ABŞ və Ukrayna bərabərhüquqlu şəkildə nəzarət edəcək (informasiyalar bu yöndədir);
- Fond Ukraynanın yenidən qurulmasına investisiyalar qoyacaq: bu mexanizmin necə işləyəcəyi bəlli deyil, lakin mümkündür ki, layihələr ABŞ şirkətlərinə veriləcək və Birləşmiş Ştatlar pul qazanmaqla yanaşı, ölkənin inşa edilməsini də həyata keçirəcək;
- Sazişdə təhlükəsizlik öhdəliyi olmasa da, ABŞ şirkətlərinin Ukraynada işləməsi ölkə üçün faktiki qarant kimi qəbul edilə bilər: amerikalı investorların olduğu ölkələrdə təhlükəsizliyə Vaşinqton tərəfindən xüsusilə diqqət yetirilməsi kağız üzərində yazılmayan qaydalardandır;
Ukrayna ilə danışıqlar aparan ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, saziş hazırdır, Tramp-Zelenski görüşündə danışıqlar olmayacaq. Görünür, Zelenski sazişi müzakirə etmək üçün yox, imzalamaq üçün Vaşinqtona gedir.
Bu prosesdə bir məqam xüsusilə önəmlidir: sazişin imzlanmasına nail olan Tramp daha sonra Zelenskinin hakimiyyətdə qalması ilə bağlı fikrini dəyişə bilərmi?
Bu saziş Tramp Administrasiyasında Zelenskinin legitimliyinə dair sualları da aradan qaldırır, lakin Rusiya münaqişənin həlli ilə bağlı danışıqlarda Ukrayna prezidentini hələ də qəbul etmir. Trampın sürətlə dəyişən mövqeyi və Putinlə anlaşmaq istəkləri indi ABŞ-a istədiyini verən Ukrayna hakimiyyətinə perspektivdə problemlər yarada bilər.

Asif Nərimanlı - "DİA-AZ"

Geri qayıt