Əsas Səhifə > Güney Press > "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir"
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir"Dünən, 18:58 |
![]() "Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə geri qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə, İcma nümayəndələrini qəbul etməli və onların istəklərini özlərindən eşitməlidir". "Sherg.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. "Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir. Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk deyil. Vaşinqton səfərindən uğursuz qayıdan və “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ Administrasiyası ilə dialoq qura bilməyən Paşinyan revanşist məqsədlərinə dəstək almaq üçün Paris səfərindən öncə mətbuata üz tutmalı olub. Dövlət sərhdədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üçün iki ölkə arasında komissiyanın fəaliyyət göstərdiyini, bu fəaliyyət üçün komissiyanın reqlamentinin hər iki tərəfdən təsdiq edildiyini vurğulayan Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadılması ilə bağlı onun hökuməti Brüsselə müraciət ünvanlayıb. Təbii ki, Fransanın xeyir duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətinə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi, müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkdə davam edəcəklər. Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd işğal altında saxlamaqla, 700 000 Azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 Azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq, etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaratmışdır". Parlament üzvü qeyd edib ki, Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib: "Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin əməllərinin hazırda Bakıda keçirilən məhkəmə prosesində sübutu Ermənistanın dövlət olaraq hüquqi məsuliyyət daşıması yolunda ciddi addımlardır. Bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır. Buna görə də Paşinyan bir müddət əvvəl Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirli bilinən şəxslərə “psixoloji təsirə malik maddələr verilməsi” kimi absurd iddialar səsləndirdi. İndi isə Ermənistan Baş naziri növbəti manipulyasiyaya ələ ataraq, bəşəriyyətin gözü qarşısında, şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu bir daha təsdiqləyir ki, İrəvanın siyasi dairələri Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdırlar". Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair əsassız və qərəzli fikirlər səsləndirib. Geri qayıt |