Əsas Səhifə > Güney Press > "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə,

"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə,


Dünən, 19:02
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə,
Son günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginlik hiss edilir. Rusiya siyasətçilərinin Azərbayacana qarşı fikirləri, Rusiya KİV-nin Azərbaycana qarşı əks təbliğatı açıq şəkildə sərgilənir. Azərbaycan bir addım atmaq istəyəndə isə strateji müttəfiqlik bəyannaməsi ortaya atılır. Bəli, Azərbaycan Rusiya ilə strateji müttəfiq ola bilər, amma bu da o demək deyil ki, Rusiya istədiyi zaman Azərbaycana qarşı istədiyi aqressiv addımı ata bilər. Bu yaxınlarda, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi məsələsi ilə bağlı danışarkən, Azərbaycan xalqına və ölkəmizə qarşı təhqiramiz ifadələrə yer verib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir. Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirlərilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəmizə girişinə qadağa qoyulub. Qısası, Azərbaycanla Rusiya arasında səssiz "savaş" başlayıb deyə bilərik.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əsas problem ondadır ki, Rusiyanın Qafqaz siyasəti 18-ci əsrin başlanğıcında çar 1-ci Pyotr tərəfindən necə müəyyənləşdirilibsə, bir çox sahələr üzrə elə də davam etməkdədir və bu ölkənin bir çox ziyalıları, ictimai-siyasi fəalları, eləcə də sadə adamları Pyotrun formalaşdırdığı imperiyapərəst, şovinist ideologiyanın daşıyıcılarıdır.

“Artıq 21-ci əsrdir və anlamaq lazımdır ki, orta əsrlərin imperiyaları çoxdan dağılıb, dövlətlərarası münasibətlər sistemi dəyişib. Beynəlxalq hüquq, dünyəvi və milli dəyərlər, qarşılıqlı hörmət, mehriban qonşuluq anlayışları mövcuddur. SSRİ dağılması ilə yanaşı, bəzi müttəfiq respublikaların ərazisində, məhz rəsmi Moskva tərəfindən süni şəkildə və etnik zəmində münaqişələr yaradıldı. “Parçala, hökm sür” təfəkkürü ilə”-deyən deputat qeyd edib ki, Rusiya Qarabağ məsələsində birtərəfli mövqe sərgilədi, torpaqlarımızın işğalında Ermənistana hərbi-siyasi yardım göstərdi və bütün elədiklərinə rəğmən, hər addımda Rusiyaya xəyanət edən Ermənistandan fərqli olaraq, Azərbaycan qonşuluq prinsiplərinə sadiq qaldı və Rusiyanı beynəlxalq müstəvidə tək qoymadı.

Nəsib Məhəməliyev vurğulayıb ki, təyyarə qəzasından sonra Azərbaycanın tələbləri tam haqqlıdır və beynəlxalq hüquqa əsaslanır: “Rusiya səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə konfrantasiya yolunu tutdu. Özünə hörmət edən heç bir dövlət belə bir vəziyyətlə barışa bilməz. Yumşaq desək, ruslar tərəfindən ən ağılsız variant seçildi və nəticə göz qabağındadır. Yeri gəlmişkən, qeyd edim ki, burada yeni bir şey yoxdur. Məhz, belə davranışlar, Rusiyanı əksər keçmiş müttəfiq respublikalarla və vaxtilə dost olmuş xalqlarla düşmənçilik səviyyəsinə çatdırıb. Rusiya əvvəlki kimi, super gücə malik deyil. Bu gün televiziya kanallarında, KİV-lərdə Azərbaycan əleyhinə qarayaxma, iftira, böhtan kampaniyası aparanlar birdəfəlik başa düşməlidirlər ki, Azərbaycanla yüksək tonla danışmaq fayda verməz, əksinə ziyan gətirər.

Təyyarə qəzası, Rusiyada yaşayan ermənipərəst və Azərbaycan-Türkiyə düşmənlərinin, bu ölkələrin Rusiya ilə yaxınlaşmasını faciə olaraq görənlərin əlinə bir fürsət verdi. Ələlxüsus, uzun illər ermənilərə nökərçilik edən Zatulinlər, Valuyevlər, Popovlar ürəklərini boşaltdılar”-deyən Nəsib Məhəməliyev hesab edir ki, nə qədər gec deyil, gərginlik azaldılmalı, münasibətlər normallaşdırılmalıdır.

Deputatın fikrincə, gərginliyin davam etməsi iqtisadi, siyasi, humanitar əməkdaşlığa mənfi təsir edə bilər və bu çərçivədə strateji müttəfiqlik məsələlərinə yenidən baxıla bilər.

“Digər xoşagəlməz bir məsələ, Rusiya hakimiyyət orqanlarının, dövlətlərarası münasibətlərdə soydaşlarımıza qarşı təzyiqdən və zorakılıqdan istifadə etməsidir. Belə hallar yol verilməzdir və bu davranış heç bir dövlətə nüfuz gətirmir”-deyə deputat xüsusilə qeyd edib.

Geri qayıt