Əsas Səhifə > Güney Press > Jurnalistlərə qadağa qoyuldu

Jurnalistlərə qadağa qoyuldu


Dünən, 12:56
Jurnalistlərə qadağa qoyuldu
https://e-mehkeme.gov.az portalında məhkəmə prosesləri ilə bağlı məlumatlar məhdudlaşdırılıb.

Tribunainfo.az xəbər verir ki, məhkəmə materialları haqda informasiyalar kasad şəkildə yerləşdirilir. Əvvəllər iddiaçı və cavabdeh tərəflərin kimliyi açıqlanırdı, hansı qərarda çıxarıldığı və işə hansı hakimin sədrlik etdiyi qeyd olunurdusa, indi nə işin mahiyyəti, nə tərəflər barəsində dolğun məlumat verilir. Bu da jurnalistlərin informasiya əldə etmə və yayma hüququnun pozulmasıdır.
Bu, İnformasiya əldə etmək haqqında qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunub. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Amma məhkəmə saytı jurnalistlərin informasiyaya çıxışını məhdudlaşdırıblar. Görünür ki, həmin məhkəmə materiallarının dərci məmuriyyəti narahat edibmiş.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu kökündən yanlış addımdır, tamamilə qanunsuzdur:

“Bu qərarı heç bir halda düzgün hesab etmirəm. Məhkəmə prosesləri açıqdır və şəffafdır. Hansısa məhkəmə prosesi qapalı keçirilə bilər. Bu ayrı məsələdir. Qapalı proseslərə onsuz da heç kəs buraxılmır. Ancaq məhkəmə prosesinin getməsi faktının özünün gizlədilməsi təəccüb doğurur.
İki ilə yaxındır ki, hakimlərin də tərcümeyi-halını gizlətməyə başladılar. Əvvəllər istənilən hakim haqqında məlumat əldə etmək mümkün idi. İndi onu da bağlayıblar. Çünki xeyli hakimimiz var ki, heç ali təhsilinin olub-olmaması məlum deyil. Hakimlər haqqında məlumatları bu səbəbdən gizlətdilər.

Məhkəmə prosesləri ilə bağlı məlumatları da ona görə gizlədirlər ki, hansı dövlət qurumu, şirkət, holdinq, vəzifəli şəxs məhkəməyə verilib, bilinməsin.
Birmənalı olaraq çox pis qiymətləndirirəm bunu. Dövlət başçısı İlham Əliyev dəfələrlə ictimai nəzarətin gücləndirilməsinə çağırıb. İctimai nəzarət də ilk növbədə məhkəmələr üzərində olmalıdır. Çünki hər şey son nəticə olaraq məhkəmədə məlum olur və orada həll olunur. Ancaq bu gün məhkəmə saytından məlumat əldə etməyi məhdudlaşdırmaqla həm də ölkə başçısının sözündən çıxırlar”.

Geri qayıt