Əsas Səhifə > Güney Press > "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın"

"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın"


Bu gün, 10:58
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın"
Azərbaycan rusiyalı deputat Nikolay Valuyevi "arzuolunmaz şəxs" elan edib, ölkəyə girişinə qadağa qoyulub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deputatın Azərbaycan əleyhinə fikirlərinə cavab olaraq deyib ki, N.Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir: "Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub. Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitali Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib". XİN rəsmisi təəssüflə bildirib ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) Partiyasının üzvləridir: "Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaqdır".

Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, Nikolay Valuyev, vaxtilə başına dəyən zərbələrin özünü tez-tez büruzə verən təsiri altında təklif edib ki, Azərbaycan diaspor təşkilatları qapadılsın, bu ölkədə qanuni yaşayan azərbaycanlılar hərbi uçota götürülsün və cəbhəyə göndərilsin, qanunsuz yaşayanlar isə ölkədən çıxarılsınlar. Deputatın sözlərinə görə, əslində, sadəcə bu hikkəli təkliflər, Valuyevin ağlının və məntiqinin başının ölçüsündən xeyli kiçik olduğunu nümayiş etdirir:

"Öncə onu qeyd edim ki, Rusiyada Azərbaycan diaspor təşkilatları yoxdur. Rusiya azərbaycanlılarının bu ölkənin vətəndaşları kimi yaratdıqları və Rusiya qanunvericiliyinə uyğun olaraq, fəaliyyət göstərən milli-mədəni muxtariyyətləri var. Rusiyada qanunsuz və yaxud qanuni əsaslarla yaşayan azərbaycanlılarla bağlı sabiq boksçunun təkliflərinə gəldikdə isə şimal qonşumuzun ərazisində qanunsuz, qeydiyyatsız yaşamağın mümkünsüzlüyünü, qənaətimə görə, təkrarlamağa heç bir ehtiyac yoxdur. Rusiyada yaşayan azərbaycanlıların əhəmiyyətli hissəsi bu ölkənin vətəndaşlarıdırlar. Bir qismi isə Rusiya qanunvericiliyinə uyğun olaraq, müvəqqəti iş və yaşayış icazəsinə sahibdirlər. Valuyevin ultramillətçi təkliflərindən belə anlaşılır ki, o, Rusiya vətəndaşı olan azərbaycanlıların zorla cəbhəyə göndərilməsini təklif edir".

Parlament üzvü vurğulayıb ki, Nikolay Valuyev çox güman ki, bu ucuz və bəsit mülahizələri ilə öz ölkəsi üçün ciddi siyasi səhvə yol verdiyini anlamır:

"Onun təklifindən belə anlaşılır ki, Rusiya vətəndaşları könüllü şəkildə cəbhəyə getmək istəmirlər və onları zorla döyüşə göndərmək lazımdır. Valuyevin iddialarında yer alan daha bir ciddi siyasi səhv azərbaycanlılara qarşı milli mənsubiyyətə görə nifrət zəminində ifadə olunan fikirlərdir. Bu isə faşizmin təzahürüdür. Bildiyim qədər, Rusiya faşizmə qarşı mübarizə apardığını iddia edir və bu ölkədə aparılan təbliğat məhz bu amilin üzərində qurulub. Maraqlıdır, görəsən, Valuyev kimilərin aqressiv sərsəmləmələrində özünü büruzə verən faşizmlə faşizmə qarşı necə mübarizə aparmaq olar? Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın. Çünki insana dərk etmək üçün ağıldan başqa heç nə verilməyib. Ola bilsin ki, Valuyev hər şeyi başqa bir bədən üzvü ilə dərk edir... Bu isə onun və Rusiya tibb elminin problemidir. O ki qaldı Valuyevin oğru jarqonunda ünvanımıza “şobla-vobla” deməsinə, düşünürəm ki, bu, sabiq boksçunun yaşadığı həyatın ədəbi dillə ifadə oluna bilməyən mənzərəsidir".

Geri qayıt