Əsas Səhifə > Güney Press > Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir

Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir


Bu gün, 15:37
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir
ABŞ Prezidenti Donald Tramp Kiyevə hərbi və iqtisadi yardımın davam etdirilməsi müqabilində ABŞ-nın Ukraynanın nadir torpaq ehtiyatlarına çıxışı üçün razılaşma əldə etmək istəyir.

Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Bildirilir ki, təklif yüksək texnologiyalı sənayelərdə istifadə olunan kritik minerallara çıxışı təmin etməklə Tramp administrasiyası ilə əlaqələri dərinləşdirmək strategiyasına uyğundur.

Tramp Vaşinqtonun Ukraynaya avropalı müttəfiqlərindən daha çox dəstək verdiyini bir daha təkrar edib. “Biz Ukrayna ilə elə bir müqavilə bağlamaq istəyirik ki, onlar bizim onlara verdiyimizi nadir torpaq metalları və digər əşyalarla qorusunlar”,- ABŞ Prezidenti deyib.

Tramp Ukrayna prezidenti Zelenski hökumətinin buna açıq olacağını bildirib:

“Biz yüz milyardlarla dollar sərmayə qoyuruq. Onların nadir torpaqları var. Mən nadir torpaqların təhlükəsiz olduğuna əmin olmaq istəyirəm və onlar bunu etməyə hazırdırlar”.

Zelenskiyə yaxın bir şəxs deyib ki, Trampın sözləri “görünür, payızda ona təqdim olunan “qazanan plan”a uyğun gəlir”. O, Ukraynanın Trampa əsas ehtiyatlar üzrə əməkdaşlıq üçün “xüsusi şərtlər” təklif etdiyini bildirib və onların Rusiya və İrandan qorunmasının vacibliyini vurğulayıb. “Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq”, - deyə rəsmi əlavə edib.

Qeyd olunur ki, Ukraynanın böyük titan, dəmir filizi və kömür ehtiyatları, eləcə də ümumi dəyəri on trilyonlarla dollar qiymətləndirilən 500 min tona yaxın istifadə olunmamış litium ehtiyatı var.

Ukraynanın İnfrastrukturun bərpası və inkişafı üzrə dövlət agentliyinin keçmiş rəhbəri Mustafa Nayem “Mineral ehtiyatlara nəzarət müharibənin bir hissəsinə çevrilib”,- deyib. O əlavə edib ki, ölkə təkcə ərazisi üçün deyil, həm də onun bərpasında həlledici amil ola biləcək strateji sərvətlərini idarə etmək hüququ uğrunda mübarizə aparır.

“The New York Times” qəzetinin yazdığına görə, yüksək rütbəli ukraynalı rəsmi Trampın bəyanatına cavab olaraq bildirib ki, Birləşmiş Ştatlar bu ehtiyatları Rusiyanın əlindən kənarda saxlamaq üçün təhlükəsizlik zəmanəti verərsə, Ukrayna nadir torpaq mineralları ilə bağlı sazişlər üzərində ABŞ-la işləməyə hazırdır.

Onu da qeyd edək ki, Ukraynanın təbii sərvətlərinin birgə hasilatı ideyası prezident Vladimir Zelenskinin “qələbə planı”nda da yer alıb. Prezident Aparatındakı mənbənin sözlərinə görə, Ukrayna lideri bu məsələni hələ payızda Trampla müzakirə edib. Həmsöhbət bildirib ki, Ukraynanın nadir torpaq ehtiyatlarının Rusiyadan qorunması üçün ilk növbədə təhlükəsizlik zəmanəti lazımdır.

Geri qayıt