Əsas Səhifə > Güney Press > PROBLEMLİ KREDİTLƏR...

PROBLEMLİ KREDİTLƏR...


Bu gün, 16:39
PROBLEMLİ KREDİTLƏR...
2024-cü ildə əhalinin banklara borcu 1,5 milyard manat artaraq 8,5 milyard manata yaxınlaşıb. Mərkəzi Bankın "Statistik Bülleten Dekabr 2024" buraxılşında qeyd edilib ki, kredit portfelinin artımı cari ilin dekabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manat olub. Biznes kreditləri – 53.8% (14 milyard 787.2 milyon manat); istehlak kreditləri – 30.7% (8 milyard 445 milyon manat) ipoteka kreditləri – 15.5% (4 milyard 245.5 milyon manat) təşkil edib. Məlumata görə, 2024-cü ildə bankların kredit portfeli 4 milyard 294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2 milyard 170.4 milyon manat, istehlak kreditləri 1 milyard 508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artıb. Xatırladaq ki, istehlak krediti fiziki şəxslərə (əhaliyə) təklif edilən nağd pul kreditləridir.
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkədə iqtisadi inkişaf olan zaman istehlak kreditlərinin artması problem deyil, çünki insanların gəlirləri də artır və onlar götürdükləri kreditləri də qaytara bilirlər.

“Azərbaycanda hazırda vəziyyət belə deyil. Rəsmilər iqtisadi inkişafın olduğunu desə də, lazımi səviyyidə iqtisadi inkişaf yoxdur. Yəni biz görmürük. Bu səbəbdən də əhalinin borclanması ciddi problemdir. Çünki onlar bu kreditlərə görə, əmlaklarını və mülklərini itirə bilərlər. Onların sosial vəziyyətləri daha da pisləşə bilər. Banklar üçün də pisdir ki, problemli kreditlər arta bilər”-deyən iqtisadçı qeyd edib ki, biznes kreditləri artmır və əksinə istehlak kreditləri artırsa, bu vəziyyət gələcək üçün heç yaxşı nəticə vəd etmir.

Geri qayıt