Əsas Səhifə > Güney Press > "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır"
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır"Bu gün, 09:46 |
"Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatlarındakı açıq ziddiyyət ortadadır. Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-birinə zidd təşkilatlardır və bir ölkənin hər iki qurumda eyni anda təmsil olunması qeyri-mümkündür". Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Rusiya tərəfi bununla bağlı öz açıq bəyanlarını dəfələrlə dilə gətirib: "Paşinyanın Rusiya ilə Aİ arasında "balansı saxlayacağıq" açıqlaması İrəvan hökumətinin növbəti riyakarlığıdır. Ermənistan bir tərəfdən Rusiya ilə münasibətləri qoruyub saxlayır, ticarət əlaqələrini inkişaf etdirir, digər yandan isə Moskva ilə "məsafə saxladığını" iddia edir, Qərblə də əməkdaşlıqda maraqlı olduğunu vurğulayır. Bu, riyakarlıqdır. Aydın məsələdir ki, İrəvan Qərbə meyillənməni gücləndirmək şərti ilə Rusiya ilə də əlaqələrini qoruyub saxlamağa çalışır. Ermənistanın əsas məqsədi perspektivdə Rusiyadan tamamilə uzaqlaşmaq və birmənalı Qərbə yönəlməkdir". Parlament üzvü vurğulayıb ki, Ermənistan hökumətinin gündəmində prioritet məsələ Qərbə inteqrasiya və Qərbin təşkilatlarında yerləşməkdir: "Bir müddət sonra Ermənistanın Avropa təşkilatlarına üzv olmaqla bağlı ciddi hazırlıqlara başladığını görsək, bundan təəccüblənməməliyik. Bu, Paşinyan hökumətinin davamlı xarakter almış siyasətinin tərkib hissəsidir. Biz bu məqamı diqqətdə saxlamalıyıq. Ermənistan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır. Ancaq bu ikili gedişatın nəticələri Ermənistan üçün heç də yaxşı qurtarmayacaq. İkili oynamaqla uzun məsafə qət etmək qeyri-mümkündür. Ona görə Rusiya tərəfi bu məsələyə kəskin reaksiya bildirməlidir". Geri qayıt |