Əsas Səhifə > Güney Press > Biz gənclərimizlə fəxr edirik

Biz gənclərimizlə fəxr edirik


Dünən, 08:31
Biz gənclərimizlə fəxr edirik
Şübhəsiz ki, dövlət üçün gəncliyin sağlam ruhlu, savadlı, yüksək
mənəvi tərbiyəyə malik olması böyük önəm kəsb edir. Başqa sözlə,
cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, inkişaf və inteqrasiya məhz
onlarla birgə addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini
düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da, əslində
özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində
mühüm addımlar atmış olur. Sözsüz ki, bu məlum həqiqəti Azərbaycanda
hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri
görən yeganə bir insan var idisə o da dahi şəxsiyyət Heydər Əliyev idi.
Təkcə müstəqillik dönəmində deyil, hələ sovetlər tarixində belə
Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlı olub. Ölkənin çətin dönəmində xalqın
təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin gənclər siyasəti
ilə bağlı bir neçə fərman və sərəncamlar imzalaması da bu sahəyə verilən
önəmdən irəli gəlirdi. Ötən əsrin 90-cı illərin əvvəllərində dünyada, o
cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə,
gənclərin qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə
başladı. Məhz bütün bunları görən Ümummilli lider Heydər Əliyev gənc
nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da
Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il
yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama
əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk
Forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də I Forumun
ildönümü ərəfəsində gəncləri bir araya yığan Ümummilli Lider fevralın 2-ni
ölkəmizdə Gənclər Günü kimi elan etdi. Bu da Heydər Əliyevin gəncliyə
göstərdiyi diqqət və qayğının daha bir nümunəsi oldu.
2020-ci il Azərbaycan tarixinə böyük Qələbə ili kimi düşdü. Ümummilli
lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf
yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə
yetirərək böyük və tarixi Qələbəyə imza atdı. 44 gün sürən Zəfər yürüşü
ərzində ölkəmiz döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar
əldə etdi və doğma yurd yerlərimizi düşmən işğalından azad etdi. Bu
Qələbənin əldə olunmasında gənclərin də xüsusi rolu var. Ölkə başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş qədim
Şuşa şəhərinə səfəri zamanı da qeyd etdi ki, “Mən çox şadam ki, son illər
ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc
nəsil yetişib. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə
nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
2023-cü ilin sentyabr ayının 19-da isə bir günlük antiterror tədbirindən
sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
ərazi bütövlüyümüzü tam təmin etdi. Oktyabrın 15-də Xankəndi, Xocalı,
Ağdərə, Əskəran və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və
xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu.
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi qüvvə
olan gənclər tarixi uğurlar qazanmaqla öz ölkəsinin müstəqilliyinin
qurulması və möhkəmləndirilməsi prosesində, dövlətçiliyin inkişafında fəal
iştirak ediblər. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq
gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə
bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışacaq, öz
siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə
doğrulacaqlar.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt