Əsas Səhifə > Güney Press > Azərbaycanın iradəsi olmadan...
Azərbaycanın iradəsi olmadan...29-01-2025, 18:58 |
Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib. Dövlət başçısının sözlərinə görə, orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır: “Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”. Prezident İlham Əliyev deyib ki, əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz: “Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a bildirib ki, Azərbaycan Respublikası 44 günlük savaşın və antiterror tədbirlərinin qalib tərəf olmasına baxmayaraq Prezident İlham Əliyevin təşəbbüsləri ilə Cənubi Qafqazda dayanaqlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılması üçün davamlı səylər göstərməkdədir: "Ermənistan isə bu dövr ərzində yalnız sülh imitasiyası ilə məşğul olmuş, əslində regionda imperialist dairələrin arzu etmədiyi və Ermənistanın özünün işğalçı niyyətlərinin ehtiva olunmadığı heç bir konfiqurasiyanın iştirakçısı olmayacağını əməli olaraq göstərib. Bu qəbildən İrəvan regionda nəqliyyat kommunikasiya xətlərinin açılması istiqamətində də əsas əngəl çıxış etməkdədir. Məlumdur ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında ölkəmizin Zəfərinin nəticələrini ehtiva edən 10 noyabr bəyanatında İrəvan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xətlərinin açılması barədə öhtəlik götürüb, Azərbaycan Prezidentinin diqtəsi ilə bu xətlər qlobal platformalarda Zəngəzur dəhlizi formatında qəbul edilib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur və Zəngəzur dəhlizi bu ölkənin suverenliyini heç bir formada təhdid etmir. Lakin eyni zamanda Bakının bu məsələdə dəyişməyən qətiyyətli mövqeyi ondan ibarətdir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvana, yəni Azərbaycanla Azərbaycanı birləşdirən hər hansı ikinci tərəfin nəzarətində olmamalı, Azərbaycan vətəndaşı ölkənin bir bölgəsindən digər bölgəsinə keçərkən ikinci bir dövlətin adiyyəti strukturlarının iradəsindən aslı vəziyyətə düşməməlidir". Deputat əlavə edib ki, situasiya Ermənistan üçün aydındır, lakin İrəvanın xarici siyasət kursunun Qərbdə müəyyənləşməsi, yəni Ermənistanın müstəqil daxili və xarici siyasət kursu malik olmaması və Ermənistanda revanşist abu-havanın hökm sürməsi, Qərb dairələrinin bu istiqamətdə silahlandırılması, bu ölkəyə siyasi dəstək verilməsi fonunda yeni münaqişəyə təşviq edilməsi Paşinyan və komandasını Zəngəzur dəhlizinin açılması qarşısında maneə kimi çıxışı etməyə daha da cəsarətləndirir: "Əslində məsələnin mahiyyəti ondan ibarətdir ki, Şərqlə Qərb arasında ən təhlükəsiz kommunikasiya xətti kimi Zəngəzur dəhlizinin əhəmiyyəti artıqca qlobal güclər bu coğrafiya üzərində nəzarət uğrunda səyləri gücləndirir və Ermənistan da cari prosesdə alət kimi istifadə olunur. Regionda yeni reallıqların yaradıcısı və əsas hərbi-siyasi güc olan Azərbaycan bu proseslərdən kənarda qala bilməz. Xüsusən nəzərə alsaq ki, Zəngəzur dəhlizi qlobal əhəmiyyətindən daha öncə ilk növbədə Azərbaycanın ərazilərini uzun bir müddətdən sonra birləşdirir. Bu mənada cənab Prezidentin verdiyi bəyanatlar da ilk növbədə Bakının sona qədər özünün milli maraqlarını və mənafelərini qoruyacağına işarə idi. Paşinyanın son dövlər Zəngəzur dəhlizinə "alternativ olaraq" ortaya atdığı sülh kəsişməsinə layihəsinə gəlincə, regionda yeni konfiqurasiyasının yeganə diqtə edən qüvvəsi olaraq Azərbaycanın iradəsi və razılığı olmadan bölgədə heç bir layihə, xüsusən Ermənistanın "qlobal" mahiyyət daşıyan heç bir təşəbbüsü reallaşa bilməz. Təsadüfi deyil ki, nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə cənab Prezidentin də ifadə etdiyi kimi, Ermənistanın bu dırnaqarası "layihəsinin" Azərbaycansız iki qəpik qiyməti yoxdur". Geri qayıt |