Əsas Səhifə > Güney Press > Ermənistan Belarusla diplomatik münasibətləri kəsir?

Ermənistan Belarusla diplomatik münasibətləri kəsir?


29-01-2025, 16:58
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir?
Xəbər verildiyi kimi, Nikol Paşinyan İctimai Televiziyaya müsahibə verəndən bir gün sonra Belarus prezidenti Aleksandr Lukaşenko Qarabağın Ermənistan tərəfindən itirilməsinin yeganə günahkarı Paşinyan olduğunu söyləyib.

Lukaşenko Putinlə Paşinyanın Qarabağın Azərbaycanın bir hissəsi olması ilə bağlı bəyanatına necə reaksiya verdiklərindən danışıb, həmçinin Paşinyanın Ermənistanı məhv edəcəyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

“Hələlik nə baş nazir, nə də Ermənistan Respublikasının Xarici işlər nazirliyi Lukaşenkonun bəyanatlarına cavab verməyib. Təxminən altı ay ərzində Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa səfər etməyib, İrəvan öz səfirini Minskdən geri çağırıb, buna səbəb Lukaşenkonun Azərbaycanın qələbəsinə inandığını və onu dəstəklədiyini bəyan etməsi olub.

Hökumətdəki mənbənin sözlərinə görə, hazırda Ermənistan-Belarus diplomatik əlaqələrinin kəsilməsi məsələsi müzakirə olunur. Digər tərəfdən, onlar başa düşürlər ki, Putinin icazəsi olmasaydı, Lukaşenko belə bir şey deməzdi. Yeri gəlmişkən, Paşinyanla Putin arasında son telefon danışığının tonda kifayət qədər sərt olduğu haqda xəbərlər var. Paşinyan Avropa Birliyinə üzvlüyün Rusiya ilə münasibətlərdən əl çəkmək demək olmadığını deyərək özünə haqq qazandırmağa çalışsa da, Putin onunla çox quru danışaraq, bu addımın Ermənistan üçün yaxşı heç nəyə gətirib çıxarmayacağını bildirib. Ona görə də Paşinyan Lukaşenkoya qarşı konkret addım atmaya, yalnız bir neçə cəsarətli bəyanatla kifayətlənə bilər”,- deyə qəzet yazıb.

Geri qayıt